Vəkillik fəaliyyəti dayandırılmaqla fəaliyyətinə xitam verilən vəkil Əhməd Məhərrəmli barəsində Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət olunub.
“Unikal”ın məlumatına görə, artıq Bakı İnzibati Məhkəməsində Əhməd Nizami oğlu Məhərrəmlinin kollegiya üzvlüyündən xaric edilməsi ilə bağlı prosesə sədrlik edən hakimin adı məlum olub. Belə ki, Aysev Almazova qərar verəcək ki, Əhməd Məhərrəmli kollegiya üzvlüyündə qalsın və ya xaric edilsin.
Xatırladaq ki, iyun ayının 10-da Vəkillər Kollegiyası Əhməd Məhərrəmli ilə bağlı açıqlama verib. Açıqlamada deyilirdi: “Vəkillər Kollegiyasına Məhərrəmli Əhməd Nizami oğlu ilə bağlı vətəndaşın şikayəti daxil olub, intizam icraatı başlanılıb, araşdırma aparılıb və pozuntu müəyyən olunub. Pozuntuya əsasən Vəkillər Kollegiyası Rəyasət Heyətinin 17.05.2024-cü il tarixli iclasında vəkil Əhməd Məhərrəmlinin vəkillik fəaliyyəti dayandırılmaqla Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət olunması qərara alınıb".
Belə ki, ilk olaraq mətbuatda 12 saylı Vəkil Bürosunun vəkili Məhərrəmli Əhməd Nizami oğlunun Lənkəran Ağır Cinayətlər Məhkəməsində müdafiəçi qismində iştirak etdiyi işdə hakimlə mübahisə etdiyinə görə fəaliyyətinin 1 aylıq dayandırılması ilə bağlı məlumatlar yayılmışdı.
Seymur Əli