İyunun 24-ü Şabran rayonu ərazisində 1970-ci il təvəllüdlü Gülnarə Hüseynovanın öldürülməsi, onun əri 1966-cı il təvəllüdlü Arif Hüseynova isə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şabran rayon prokurorluğundan "Unikal"a bildirilib ki, araşdırma zamanı 1983-cü il təvəllüdlü Elçin Fərzəliyev və Murad Məmmədovun Şabran şəhəri Mirəsədulla Mirqasımov küçəsində yerləşən yaşayış evində dəmir predmetlə (mismarçıxaran) xəsarətlər yetirməklə Gülnarə Hüseynovanı qəsdən öldürməsi, onun əri Arif Hüseynovu isə öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 29, 120.2.7-ci (qəsdən 2 şəxsi öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Cinayəti törətməkdə şübhəli bilinən Elçin Fərzəliyev və Murad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulublar.