Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsinin yekun hesabat konfransı keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Azərbaycan Turizm və Menecment Universitetini rektor İlham Mədətov, Strateji İnkişaf üzrə prorektor Araz Alsanlı və Elmi işlər üzrə prorektor İranə Əliyeva təmsil ediblər. 

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Tədbiri giriş nitqi ilə Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov açıq elan edib. Rektor Bakı Biznes Universitetinin 2-ci böyük beynəlxalq layihəsi olan “Azərbaycan Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsinin 2020-ci ildən 16 həlledici səs hüququna malik yerli ali təhsil müəssisəsinin iştirakı ilə fəaliyyətə başladığını, 2024-cü ilə qədər isə bu sayın 21-ə çatdığını vurğulayıb. Layihənin əsas məram və məqsədi Azərbaycan ali təhsil müəssisələri arasında şəbəkələşmə və əməkdaşlığın inkişaf etdirilməsi olub.

Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli, Elm və Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Bakı Biznes Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov və Universitet-sənaye əməkdaşlığı departamentinin direktoru Gülşən Bayramova, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın idarə heyətinin sədri Elnur Səfərli və xarici tərəfdaşların çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb. 

Hesabat mərhələsindən sonra layihə konsorsiumunun üzvü olan 21 universitet tərəfindən imzalanmış tərəfdaşlıq sazişinin təqdimat mərasimi keçirilib.Layihənin Avropadan olan tərəfdaşları – Lissabon Texniki  Universitetindən İnsan resursları üzrə direktor Rui Mendes, Fransanın Beynəlxalq Təhsil Təşkilatından ali təhsil şöbəsinin rəhbəri  Fatou Estule, Belçikanın EFMD akkreditasiya təşkilatının beynəlxalq layihələr üzrə direktoru cənab Christophe Terrase və İsveçin Kral Texnologiya Universitetinin layihə meneceri cənab Viktor Kordas layihənin uğurlu yekunundan məmnun qaldıqlarını bildiriblər.