Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə 1 saylı vəkil bürosunun müdiri işləmiş, hazırda Cinayət Məcəlləsinin 178.3.2-ci və 213-cü maddəsi ilə təqsirləndirilən şəxs Sümbülə Əliyevanın məhkəmə prosesi davam edib.
"Unikal"ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Sümbülə Əliyeva məhkəmə heyətinə olan etirazından danışıb:
"Mənim verdiyim vəsatətlərin heç bir təmin edilmir, iş üzrə cəmi 11 vəkil dindirilsədə cinayət işində 45 vəkilin adı keçir. Digər vəkillər isə dindirilmir. Audit qeyd edir ki, mən ödenislər etmişəm,ancaq burda deyirlər ki, heç bir ödəniş olmayıb. Mənə deyirsiniz ki, mən məhkəmədən yayınmışam. KİV nümayəndələrinə yanlış informasiya vermək lazım deyil.
Mən bu səbəblərə görə sizin tərkibə etiraz edirəm, sizin hakimliklə bağlı səlahiyyət müddətiniz bitdiyi üçün məhkəmə prosesini tez yekunlaşdırmaq istəyirsiz".
Məhkəmə heyəti müşavirədən qayıdaraq etirazın əsassız olduğunu bildirdilər və vəsatətin təmin olunmamasını elan edib.
Bundan sonra hakim cinayət işinin materiallarının tədqiqinə keçmək istəsə də təqsirləndirilən şəxs Sümbülə Əliyeva Əliyev Vəli Əkbər oğlu adlı auditin məhkəmə prosesində şahid qismində dindirilməsini istədi. Mənimlə bağlı olan 22.06.2019-cu ildə olan audit rəyini verən şəxs məhz Əliyev Vəlidir.
Məhkəmə prosesi 1 iyul tarixinə kimi təxirə salınıb.
İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödəməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib.
Cinayət işi üzrə zərərin 200 min manatdan çox olduğu bildirilir.
İstintaq orqanı tərəfindən Sümbülə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.
Qeyd edək ki, 70 yaşlı Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.
Seymur Əli