SOCAR-ın emal kompleksində istehsal olunan məhsulları Avro-5 standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan yenidənqurma və modernizasiya işlərinin ilkin mərhələsi üzrə işlər tamamlanmaq üzrədir.
Bu barədə "Unikal"a SOCAR-ın mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, layihənin dizel və benzin istehsalı qurğularının inşası üzrə işlər yekunlaşıb, bir sıra ümumzavod təsərrüfatı qurğuları, texnoloji qurğular istismara verilib. Görülmüş işlər nəticəsində NEZ-də istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb.
Bununla da 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan Aİ-95 markalı avtomobil benzini daxili istehsal hesabına təmin ediləcək.
Avro-5 keyfiyyət göstəricilərinə uyğun daxili istehsal olunan Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiymətinin 2024-cü il iyulun 15-dən bazarın konyukturasına uyğun olaraq, 40 qəpik ucuzlaşaraq 1.60 manat olması nəzərdə tutulub.
*** 19:48
Azərbaycanda Aİ-95 markalı benzinin kəskin ucuzlaşması gözlənilir.
"Unikal" xəbər verir ki, hazırda bu markalı benzinin 1 litrinin qiyməti 2 manatdır.
Aİ-95 xaricdən gətirilir və onun qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir.
Hazırda 1 litri 2 manat olan Aİ-95 markalı benzin 40 qəpik ucuzlaşaraq 1 manat 60 qəpik olacaq.
Aİ-92 markalı benzinin qiyməti isə iyulun 1-dən 1,10 manat; dizel yanacağı 20 qəpik bahalaşaraq 1 manat olacaq.