Polis də bizdəndir, bizdən biridir. Bu gün hansı ailəni, tayfanı axtarsan, orda azı bir nəfər polis var, ya da olub, yaxud olacaq...
İstər vəzifəli, istər sıravi. Əslində, əynində polis forması olan serjantından generalına kimi hamısı Dövlətin polisidir, əmr gözləyən əsgəridir. Təbii ki, fərd olaraq polis də insandır. Fərdin isə mənfi-müsbət tərəfləri ola bilər. Kobudluq edə, hətta qanunsuz əməl də törədə bilər. Zaman-zaman bu cür davranan polislər də olub, bu gün də var, olacaq da. İnsan amili olan yerdə bu şeylər mümkündür. Amma yüzlərlə, minlərlə təqdir olunası hallar da var ki, o halların toplusu polisin əsl siması kimi qəbul oluna bilər.
Məsələn, bir neçə il öncə yolda epilepsiyası tutan azyaşlı uşağı xəstəxanaya çatdıraraq, həyatının xilas olmasına səbəb olan polis mənim xalam oğlu idi. Onlarla, yüzlərlə belə polis əməkdaşları var. Bacısı ölən qadını yas mərasiminə qədər aparan polis də var. Himnimiz səslənən zaman maşından düşüb farağatda duran polisimiz də var. Qarabağda savaş başlayanda ilk olaraq müharibəyə gedən qazi, şəhid olanlar da elə polislər idi... Ordumuz olmayan vaxt düşmənlə vuruşan polislərimiz idi...
Bəli, başqaları da var. Kobudluq edən, zorakılığa əl atan da...
Bir evdə sözə qulaq asmayan, kobudluq edən övlad, qardaş, dost olmurmu? Onları dostluqdan, qardaşlıqdan, yoldaşlıqdan silirikmi? – Təbii ki, yox. Çünki özümüzünküdür. Polisə də özümüzünkü kimi yanaşmalıyıq.
Əvvəla, polis əmrə tabedir, nə deyirlərsə, onu edir. Sonrası, polisin daha çox təmasda oluğu aləmdə olan qayda və qaydasızlıqların, mənəvi-psixoloji durumun necəliyini bilmirikimi?
Kimsə qanunu pozur, polisə tabe olmur, onu zərərsizləşdirməyin yolu çətindir. Bir də ki, bəzən situasiyanı bilmirik, polis zorakılığa məcburmu qalıb, ya özbaşınalıq edib – bunu bilmirik. Bəli, polis qanun keşikçisidir, qanunla davranmalı, qanunu qanunla tətbiq etməlidir. Heç bir polis hətta cinayət törədənə belə qanundan kənar güc göstərməməlidir. Bu, ayrı məsələdir...
Amma pandemiya, karantin, hərbi vəziyyət elan olunanda, yanğın, sel, fəlakət olanda sıravi vətəndaşlar evlərinə, etibar etdikləri qalalarına çəkilirlər, təhlükədən uzaq qala bilirlər. Amma Dövlət öz polisinə təhlükəyə, hətta ölüm riskinə rəğmən “İRƏLİ”, “VƏTƏNDAŞI QORU” əmrini verir.
Bəzən vətəndaşlar Dövlətin verdiyi hər hansı qərarla razılaşmaq istəmir. Azadlığı məhdudlaşdıran qaydalarla yaşamağa etiraz edir. Bu zaman Dövlət polisinə “SABİTLİYİ TƏMİN ET” əmrini verir. Bu əmrin icrasında sapmalar mümkündür. Təbii ki, bunlar olmasa yaxşıdır, amma qüsursuz iş yoxdur. Soyuq başla fikirləşəndə görürsən ki, Dövlətin verdiyi qərarlar ümumən cəmiyyətin xeyrinədir, polisin icra mexanizmi də asayişin qorunmasına hesablanıb. Dövlət qərar verirsə, vətəndaş olaraq qəbul etməliyik. Unutmayaq ki, o qərarlar hansısa məsuliyyətsizliyə cavab tədbiri kimi ortaya çıxıb.
Mən, Dövlət sevən bir adamam. Hər zaman Dövlətimin yanında olmuşam. Dövlətimin də ədalətlə hökm etməsini istəmişəm. Lakin ədaləti bərqərar edərkən ədalətsizlik, qanunu tətbiq edərkən qanusuzluq eləmək olmaz. Bu gün Polis Günüdür. Dövlətin vətəndaşın asayişini, təhlükəsizliyini təmin edən ən mühüm qolunun günüdür. Polis Günü bir gün olsa da, hər gün polisin günüdür. Xülasə...
Polis evi qoruyan oğuldur.
Polis dara düşəndə çağırdığın qardaşdır.
Polis söykənə biləcəyin atadır.
Polis Dövlətin vətəndaşı etibar etdiyi ən mühüm sığnağıdır.
Biz bu polisi sevir, sayğı göstərir və güvənirik.
Zaur Əhməd