Bakı Ağır Cinayətlər Məhkəməsində "Bravo"ya silahlı basqınla bağlı məhkəmə prosesi davam edib.
"Unikal"ın məlumatına görə, hakim Azad Məcidovun qarşısına təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılov çıxarılıblar.
Keçirilən prosesdə təqsirləndirilən şəxs, hazırda ev dustaqlığında olan Babək İsgəndərov məhkəmə zalına hərbi formada gəlib. Məlum olub ki, İsgəndərov Tərtər Hərbi Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə pul cəriməsi tətbiq edilib. Ancaq həmin cəriməni ödəmədiyinə görə, hakim Azad Məcidov onun 44 günlük müharibədə iştirakçı olmasının törətdiyi cinayət aidiyyatı olmadığını bildirib və ona Tərtər Hərbi Məhkəməsindən hökmü alıb probasiya xidmətinə təqdim etməyi məsləhət bilib. Belə ki, onun cərimə cəzasının 2021-ci il noyabr ayının 5-də Milli Məclis tərəfindən verilən Amnistiya aktının təsiri altına düşdüyünü xatırladıb.
Məhkəmə prosesi iyul ayının 12-nə kimi təxirə salınıb.
İttihama görə, bu ilin martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketinə edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış və “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilməsi, onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülməsi, eləcə də külli miqdarda pul vəsaitinin ələ keçirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Cinayət işi üzrə toplanmış mötəbər sübutlar əsasında 6 nəfər - 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə və öldürməyə cəhd etməyə görə, 3 şəxs eyni əməllərinin törədilməsinə köməkliyə görə, 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah hazırlamağa köməkliyə görə, 1 şəxs isə bu cinayət əməlini törətməyə təhrik etməyə görə cinayət məsuliyyətinə cəlb edilib.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
Ölmüş təqsirləndirilən şəxs Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.
Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilib.
Məlum olub ki, təqsirləndirilən şəxslərdən Babək İsgəndərov müharibə veteranıdır, Füzuli və Xocavəndin azad olunması medalları ilə təltif olunub.
Digər təqsirləndirilən Rövşən İsmayılov isə hadisədən sonra polisə müqavimət göstərərkən məhv edilən Ruhlan İsmayılovun atasıdır.
Seymur Əli