Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMiU) Serbiyada keçirilən “Analiz, Topologiya və Tətbiqlər 2024” mövzusuna həsr olunan beynəlxalq konfransda təmsil olunub.

"Unikal" xəbər verir ki, Universitet tərəfdən konfransa Elm və innovasiyalar üzrə prorektor professor Nigar Aslanova və Elmi-tədqiqat şöbəsinin müdiri Reyhan Əkbərli qatılıb.  

29 iyun-3 iyul tarixlərində gerçəkləşdirilən beynəlxalq konfrans Serbiyanın Vrnyaçka Banya şəhərində hər il mütəmadi olaraq keçirilir. Serbiyanın Elm Nazirliyi, Kragucevac Universiteti, Nis Universiteti, Belqrad Universiteti, Belqrad Müdafiə Universiteti, Novıy Bazar Universiteti tərəfindən təşkil olunan bu beynəlxalq konfrans dünyada riyaziyyat üzrə ən nüfuzlu konfrans hesab olunur. 

Hər il olduğu kimi bu il də konfransa müxtəlif ölkələrdən dünyaşöhrətli alimlər qatılıb və geniş məruzələrlə çıxış ediblər. Azərbaycanla yanaşı konfransda ABŞ, Kanada, Cənubi Koreya, Rusiya, Yunanıstan, Türkiyə, Xorvatiya, Makedoniya və digər ölkə alimləri fəallıq göstəriblər. 

Bildirək ki, konfransda AzMİU əməkdaşlarının çıxışları da yer alıb. Prorektor professor Nigar Aslanovanın "Dördüncü tərtib diferensial operator tənliklər üçün bəzi sərhəd məsələləri" mövzusunda məruzəsi alimlər tərəfindən geniş müzakirələrə və marağa səbəb olub. ABŞ Missuri Elm və Texnologiya Universitetinin professoru bir sıra impakt faktorlu jurnalların baş redaktoru və redaktoru Martin Bohner (h indeksi 65), Belqrad Universiteti mexanika riyaziyyat fakültəsinin dekanı Miloş Arsenoviç və digər riyaziyyatçılar tərəfindən yüksək qiymətləndirilib.

Konfransda Elmi-tədqiqat şöbəsinin müdiri, Mexanika kafedrasının dosenti Reyhan Əkbərlinin çıxışı da dinlənilib. “Elastik örtükdə ikifazalı mayenin oxasimmetrik hərəkəti məsələsi" adlı məruzə də maraqla qarşılanıb. 

Qeyd edək ki, əməkdaşlarımızın məruzələrinin tam mətni konfransa həsr olunmuş impakt faktorlu jurnala nəşr olunmaq üçün təqdim olunacaq.