Sülh müqaviləsi Ermənistan və Azərbaycan xalqları üçün böyük imkanlar açacaq.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) meneceri Samanta Pauer mətbuat konfransında deyib.
O, Ermənistan və Azərbaycan arasında davam edən danışıqlar prosesinə toxunub: "Ermənistan artıq müsbət yol tutub, lakin erməni xalqının bölgədə daha çox ticarət edə bilməsi üçün sərhədlər açılmalı və insanlar sərbəst hərəkət etməlidir. Bu, özü ilə böyük imkanlar gətirəcək əhəmiyyətli, müsbət dəyişiklik olacaq".
Pauer qeyd edib ki, bir neçə saatdan sonra Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin rəhbərliyi ilə Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüş keçiriləcək: "Blinken tərəflərə aşağıdakı mesajı çatdıracaq: Ermənistan və Azərbaycan sülh müqaviləsini imzalamağa çox yaxındırlar, bir il əvvəl onların harada olduğunu müqayisə etsək və düşünsək, həqiqətən də çox böyük yol qət ediblər. Təbii ki, həll edilməmiş məsələlər çox mürəkkəbdir, bəziləri hər iki ölkənin hökumətləri və xalqları üçün son dərəcə həssasdır, lakin ABŞ nöqteyi-nəzərindən aydındır ki, tərəflər dərk edirlər ki, açılacaq imkanları əldən vermək olmaz".
Ağarza Elçinoğlu