Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri dəqiqləşdirilmiş daha beş şəhidin cəsədlərinin qalıqları Xocalı şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.

"Unikal" xəbər verir ki, Xocalı faciəsi zamanı itkin düşmüş Məmişov Şahin Talış oğlu, Paşayev Ələddin Bəhlul oğlu, Qarayev Usubəli Süleyman oğlu, Şahmuradov Nemət Musa oğlu və Usubov Zakir Kamran oğlunun nəşinin qalıqları şəhid olduqları doğma yurdlarında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidlərin yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərimizin ruhuna dualar oxunub, məzarları üzərinə tər güllər düzülüb, əklil qoyulub.