Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişinin 55 illiyi” mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə Ulu Öndərin büstünün önünə gül dəstələri qoyulub.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin III kurs tələbəsi Sənan Hüseynov və Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gələrək Azərbaycanı ağır vəziyyətdən, böhrandan çıxarmasından bəhs ediblər. Bildirilib ki, Heydər Əliyev XX əsrin 70-ci illərində Azərbaycanda elə bir ab-hava yaratmışdı ki, bu, milli şüurun oyanmasına, Azərbaycan dilinin inkişafına, dəyərlərimizin xalq tərəfindən mənimsənilməsinə, tarixi keçmişimizin hərtərəfli öyrənilməsinə şərait yaratmışdı. Xalqımızın Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyi, fədakarlığı, müdrikliyi onu bütün dünya azərbaycanlılarının Liderinə çevirib. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması Heydər Əliyev şəxsiyyətinin bəhrəsidir. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxıb.

Qeyd olunub ki, Ulu Öndərin layiqli davamçısı və Qarabağ kimi taleyüklü ata vəsiyyətini yerinə yetirən Azərbaycanın müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin müdirik siyasəti və “Dəmir yumruq” əməliyyatı ilə 30 ilə yaxın bir müddətdə işğal edilmiş ərazilərimizin azadlığı uğrunda 44 günlük müharibədə tarixi Zəfər qazandı. Dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə keçirilməsi, vəziyyəti daim nəzarətdə saxlamağa qadir olan döyüş taktikası, Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla idarə etməsi Qələbəmizi şərtləndirən amillərdir.

Sonra partiya sıralarına yeni daxil olan bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.