Qeyri-hökumət təşkilatlarının qeydiyyat dərdi nə vaxt bitəcək?
04:25 11-04-2012
CƏMİYYƏT
Qeyri-hökumət təşkilatlarının
qeydiyyat dərdi nə vaxt bitəcək?
Demokratiyanın təmin edildiyinin deyildiyi ölkədə vətəndaş cəmiyyəti qurumları süründürülür
"Ədliyyə Nazirliyi bizi qeydə almaqdan üç dəfə imtina edib. Hər dəfə bir bəhanə tapırlar. Əslində bütün çatızmazlıqlar bir cavabda bildirilməlidir". Qeyri-hökumət təşkilatı yaradan Elcin Bayramlı belə deyir. Onun sözlərinə görə, bir ilə yaxındır Ədliyyə Nazirliyinə sənəd göndərməklə məşğuldur.
Elçin Bayramlı qeyd edir ki, qeydiyyat sənədlərindəki çatışmazlıqlar "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunun 8.3-cü maddəsinə uyğun olaraq eyni vaxtda bildirilmir: "Dövlət qeydiyyatına alınmaq istəyən qurumlar hər dəfə fərqli əsaslara görə qeydiyyatdan imtina və sənədlərin geri qaytarılması haqqında cavablar alırlar".
QHT-lərin
"vaxtını yeyirlər"
"Demokratiyanı Öyrənmə" İctimai Birliyinin apardığı sorğu göstərir ki, qeydə alınmış QHT-lərin əksər hissəsi (57 faizi) qeydiyyat üçün xeyli müddət sərf etməli olublar. Bu təşkilatların 20 faizinin qeydiyyatı onların ilk müraciət etdiyi tarixdən etibarən bir ilə qədər vaxt aparıb. Onların 12 faizinin dövlət qeydiyyatına alınması üçün iki il, 8 faizinin qeydiyyatı üçün isə üç il tələb olunub. 6 faiz dörd il, qalan 11 faiz isə beş-səkkiz il ərzində qeydiyyatdan keçə bilib. Təşkilatların 43 faizi təsis olunduqdan sonrakı ilk 3 ay ərzində qeydə alınıb. Bu qurumların çoxu mədəniyyət, turizm və ekologiya, uşaq və gənclər təşkilatlarıdır.
Hüquqşünas Ələsgər Məmmədli deyir ki, ya qeydiyyat orqanı qanunun tələblərinə əməl edərək təqdim olunan sənədlərin yoxlanmasını tam həyat keçirmir, ya da müraciətçini müəyyən edilmiş bütün nöqsanlarla bağlı məlumatlandırmır: "Bu, qeydiyyat orqanının sənədlərin yoxlanmasını birliklərin dövlət qeydiyyatına alınması yönümündə deyil, qeydiyyatdan imtina məqsədilə apardığı qənaətini doğurur. Bunun nəticəsində QHT-lərin əksəriyyəti qeydiyyat üçün dəfələrlə müraciət etməli və buna görə bir neçə il vaxt sərf etməli olurlar. Bu isə qeydiyyatı yorucu və uzun sürən bir prosesə çevirməklə bir çox qurumları növbəti müraciətlərdən çəkindirir. Bir sıra təşkilatlar bu cür problemlər səbəbindən ümumiyyətlə qeydiyyat üçün müraciət etmir".
Kommersiya qurumlarının qeydiyyatı üçün maksimum 3 iş günü tələb edildiyi halda ictimai əsaslarda fəaliyyət göstərən könüllü birliklərin qeydiyyatı üçün bir qayda olaraq 40 gün, əlavə araşdırma zəruri olduqda daha 30 gün bu müddət artırıla bilir.
Bundan sonra müəyyən edilən çatışmazlıqların aradan qaldırılması üçün təsisçilərə 20 gün vaxt verilir və onlar müəyyən edilən çatışmazlığı aradan qaldırdıqdan sonra 10 gün müddətində həmin təşkilat dövlət qeydiyyatına alınır.
Qeydiyyatdan imtinalar
Azərbaycanı
Avropada biabır edir
Ələsgər Məmmədli deyir ki, QHT-lərin qeydiyyatı üçün qanunda müəyyən olunan bütün müddətlərdə yalnız iş günləri nəzərə alınır: "100 iş günü ən azı 20 həftəlik müddət deməkdir, bu da ümumi təqvim gününə çevrildikdə 140 təqvim gününə bərabər olur. Deməli, Ədliyyə Nazirliyi heç bir prosedur hüquq pozuntusuna yol vermədən QHT-ni təxminən 5 aya yaxın vaxtda qeydiyyata ala bilər. Praktikada bu müddətlər dəfələrlə aşılır, müraciətlər aylarla, hətta illərlə yubadılır, qeydiyyata alma həyata keçirilmir. Dövlət qeydiyyatına alınmaq istənən QHT-lərin qeydiyyatı ortalama olaraq təsisdən 8-10 ay sonra reallaşır. Qeydiyyatından imtina olunan təşkilatlar üçün bu müddət illərlə davam edir".
Hüquqşünas deyir ki, bu səbəbdən Azərbaycan əleyhinə Avropa İnsan Hüquqları Məhkəməsində xeyli qərar çıxarılıb.
Bəs çıxış yolu yoxdurmu?
"Hüquq və İnkişaf" İctimai Birliyinin sədri Hafiz Həsənov deyir ki, hökumət Avropa Məhkəməsinin bu məsələ ilə bağlı qərarlarına da o qədər əhəmiyyət verilmir: "Hətta bu cür qərarların qəbulundan sonra da qeydiyyat prosesindəki problemlər eyni qaydada təkrarlanır. Qeydə almadan qanunsuz imtinaya və ya yayınmaya dair şikayətlərin məhkəmə araşdırmalarında da əvvəlki vəziyyət dəyişmir. Təbii ki, belə bir vəziyyətdə birləşmə azadlığının hüquqi təminatı və məhkəmə müdafiəsi heçə enir".
Deputat Əli Məsimli QHT-lərin qeydiyyatının elektron variantına keçilməsini, qeydiyyat müddətinin maksimum qısaldılmasını təklif edir: "QHT həmin müəyyənləşdirilmiş müddətdə qeydiyyata alınması barədə rəsmi sənəd almazsa, qeydiyyatdan keçmiş hesab olunmalıdır. Bu yolla qeydiyyat məsələsi ətrafında yaranan problemləri də aradan qaldırmaq olar".
Qeydiyyat üçün müraciət edənlər deyirlər ki, əsas problemlərdən biri də Ədliyyə Nazirliyinin qeyri-qanini tələblər irəli sürməsidir. Müraciət edənlərdən təsisçilərin məşğuliyyəti, siyasi mənsubiyyəti ilə bağlı məlumatlar istənilir. Digər tərəfdən QHT-lərdən qeydə alınmaq üçün icra hakimiyyəti orqanlarından verilmiş zəmanət məktubunun təqdim edilməsi tələb olunur.
Qeydiyyatın mərkəzləşdirilmiş qaydada aparılması qeydiyyat orqanı ilə müraciətçilər arasında ünsiyyəti xeyli çətinləşdirir. Bu xüsusilə regionlarda olan QHT təsisçiləri üçün əlavə problemlər yaradır. Ekspertlər bu problemlərin həllini QHT-lərin qeydiyyatının elektron variantına keçilməsində görür.
Qapalılıqdan
doğan yanlışlıq
Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin mövqeyini öyrənmək təşəbbüsümüz nəticəsiz qaldı. "Demokratiyanı Öyrənmə" İctimai Birliyinin sədri Mirəli Hüseynovun sözlərinə görə, qeydiyyatın vəziyyətini təhlil etmək üçün ötən il Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə sorğu ilə müraciət edilsə də, idarə sorğu suallarına çox ümumi şəkildə cavab verib: "Belə təəssürat yaranır ki, qeydiyyat idarəsi məlumat verməkdə maraqlı deyil. Bizə müraciət edən bir çox vətəndaşlar da qeydiyyat üçün sənədlərin təqdim edilməsindən sonra idarə ilə əlaqə saxlamaq, problemləri müzakirə və həll etməyin mümkün olmadığını bildirirlər. Bu cür qapalılıq isə öz növbəsində doğru olmayan rəqəmlərin ortaya çıxmasına, yanlış məlumatların verilməsinə şərait yaradır.
Məsələn, Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi illik hesabatda Ədliyyə Nazirliyinin rəsmi məlumatına istihadən bildirilir ki, hazırda ölkədə dövlət qeydiyyatına alınmış QHT-lərin sayı 3600-ü ötüb. Tam məsuliyyətilə deyirəm ki, məlumat tamamilə yanlışdır və bu rəqəm mümkün deyil. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi bizim ötənilki sorğumuza cavabında 2010-cu il ərzində 124 QHT-nin dövlət qeydiyyatına alındığı bildirib. QHT-lərə Dövlət Dəstəyi Şurasının 2010-cu il fevral ayına Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, həmin tarixə qeydə alınmış QHT-lərin sayı 2483 olub. 2010-cu ilin sonuna ölkədə qeydə alınmış QHT-lərin sayı 2600-ü ötüb. Nazirlər Kabinetinin hesabatında göstərilir ki, 2011-ci ildə ümumilikdə 144 qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınıb. Yəni 2012-ci il üçün qeydə alınmış QHT-lərin sayı 2750 ətrafında olduğu halda rəsmi hesabatda bunun 3600-ü ötdüyü göstərilir. Bütün bu və bu kimi hallar isə dövlət orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılığıgın zəif olmasından irəli gəlir".
Bəkir Nərimanoğlu
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49