Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində namizəd olacağı dairəni elan edib.
"Unikal"ın məlumatına görə, o, bununla bağlı qərarını sosial şəbəkə hesabında bildirib.
F.Mustafa 26 saylı I Sabunçu seçki dairəsindən VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd olacaq.
Vətəndaş Həmrəyliyi Partiyası daha dörd dairə üzrə namizədlərini dəqiqləşdirib.
63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən millət vəkili, VHP Ali Məclisini üzvü Rafael Hüseynov, 70 saylı Neftçala seçki dairəsindən VHP sədrinin müşaviri Tənzilə Rüstəmxanlı, 73 saylı Masallı-Cəlilabad seçki dairəsindən millət vəkili, VHP sədrinin müavini Fəzail İbrahimli və 75 saylı Yardımlı-Masallı seçki dairəsindən VHP sədrinin müavini-Mərkəzi İcra Aparatı rəhbəri Samir Əsədlinin sənədləri müvafiq seçki dairələrinə təqdim edilib.
Bununla da partiyanın namizədlərinin sayı 65-ə çatıb.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı budəfəki parlament seçkilərinə qatılmayacaqlar.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev (partiyasının 11 namizədi ilə birlikdə), Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə (partiyasının 14 namizədi ilə birlikdə), Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev (partiyasının 20-yə yaxın namizədi ilə) parrlament seçkilərinə qatılacaqlar.