Bakıda dəhşətli qətl hadisəsi baş verib. Kirayəşin evində qaldığı 75 yaşlı kişi boğazı kəsilərək qətlə yetirilib.
"Unikal" Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunun Əlif Hacıyev küçəsində gecə saatlarında baş verib. Ev sahibi 75 yaşlı Tahir Əliyevin 59 yaşlı Zahid İsayev tərəfindən bıçaqlandığı bildirilir. Hadisə vaxtı qətlə yetirilən kişinin oğlu başqa evdə olub. O gəldikdə, atasının artıq can verdiyini görüb.
Məlum oldu ki, öldürülən Tahir Əliyev hələ bir neçə il əvvəl ''Xəzər Xəbər''ə də müsahibə verib. O, səhiyyə sahəsində müəyyən araşdırmalarla məşğul idi və onun fəaliyyəti fərqli vaxtlarda bir neçə dəfə çəkilərək efirə təqdim edilib.
Qonşular qışqırıq səsləri eşitdiyini, hadisə yerinə gəldikdə isə artıq gec olduğunu deyirlər.
Faktla bağlı Nizami Rayon Prokurorluğu da məlumat yayıb. Bildirilir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq saxlanıb.
***08:27
İyulun 20-də gecə saat 1 radələrində paytaxtın Nizami rayonu ərazisində 1949-cu il təvəllüdlü Tahir Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nizami rayon prokurorluğunun mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, araşdırma zamanı 1965-ci il təvəllüdlü Zahid İsayevin aralarında yaranmış mübahisə zamanı bıçaqla Tahir Əliyevə xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Zahid İsayev iş üzrə şübhəli şəxs qismində tutulub.
Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb
***06:50
İyulun 20-də saat 01 radələrində paytaxtın Nizami rayonunda 1949-cü il təvəllüdlü Əliyev Tahir Eyvaz oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü İsayev Zahid Səməndər oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.