Cozef Bayden partiyasına Kamala Harrisin namizədliyini məsləhət gördü. Böyük ehtimalla demokratların namizədi məhz hazırkı vitse-prezident olacaq.
"Unikal" xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib.
"Bu, siyasi və texniki baxımdan məntiqli görünür. Çünki Harrisdən imtina etmək ötən 4 illik müddətin uğursuzluğunun qəbulu və Baydenin siyasi mirasının rəddi mənasına gələr. Digər tərəfdən, Baydenin hazır seçki qərargahı və seçki fondu var, bunlar avtomatik Harrisin sərəncamına keçəcək. Tam yeni namizəd yeni qərargah yaratmalı və yeni ianə kampaniyasına başlamalı olacaqdı.
Atası yamaykalı, anası hindistanlı olan Kamala Devi Harris 1964-cü il təvəllüdlüdür. Hüquq doktorudur. Kaliforniya baş prokuroru vəzifəsində çalışıb və oradan senator seçilib. ABŞ tarixinin ilk qadın vitse-prezidentidir.
Harrisin namizədliyi əlbəttə ki, qələbənin təminatı deyil. Amma ən azından fiziki və əqli qabiliyyətləri yerində olan siyasətçi kimi Baydendən daha şanslı olacaq və Trampla döyüşə girə biləcək.
Xatırlatmaq yerinə düşər ki, Tramp bundan əvvəl demokratların xanım namizədini məğlub etmişdi və Hillari Klintonun ABŞ-ın ilk qadın prezidenti olmasını əngəlləmişdi.
ABŞ-ni və dünyanı maraqlı, gərgin payız gözləyir...", - deyə ekspert qeyd edib.