Kürdəmir rayonunda zəncirvari yol qəzası olub, xəsarət alanlar var.
"Unikal" report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ 2107" markalı avtomaşının sürücüsü, Göygöl rayon sakini olan 21 yaşlı Eşqin Əliyev Kürdəmir istiqamətində hərəkətdə olarkən əvvəlcə onunla eyni istiqamətdə hərəkətdə olan “Chevrolet” markalı avtomobilə, daha sonra isə yol kənarında dayanan “Mercedes” markalı yük maşınına çırpılıb.
Nəticədə VAZ-da olan sürücü və onun anası, Göygöl rayon sakini 43 yaşlı Həsənova Mətanət Camal qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.