Rusiya Ukrayna prezidenti Volodimir Zelenskinin legitimliyi ilə bağlı hüquqi problemlərə baxmayaraq, Ukrayna münaqişəsi ilə bağlı danışıqlara hazırdır.

"Unikal" xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov brifinqdə deyib. 

"Rusiya bütövlükdə danışıqlar prosesinə açıqdır. Ancaq əvvəlcə Ukrayna tərəfinin buna nə dərəcədə hazır olduğunu anlamaq lazımdır. Zelenskinin legitimliyi ilə bağlı problemə əlavə olaraq, əgər Rusiya tərəfi ilə əlaqəyə faktiki qanunvericilik qadağası ilə bağlı problem olarsa, o zaman bəzi izahatları eşitməli olacağıq”, - Peskov izah edib.

O əlavə edib ki, Rusiya Federasiyası hüquqi baxımdan Zelenskini Ukraynanın qeyri-qanuni lideri hesab etsə də, praktiki baxımdan danışıqlar yolu ilə öz məqsədlərinə çatmağa hazırdır və “müxtəlif variantlar baxmaq" mümkündür.

Xatırladaq ki, Zelenskinin prezidentlik müddəti mayın 20-də başa çatıb. Lakin Ukraynada 2024-cü ildə keçiriləcək prezident seçkiləri hərbi vəziyyət və ümumi səfərbərliyə görə ləğv edilib.

Gülayə Mecid