"Los-Anceles-2028" Yay Olimpiya Oyunlarında da uğurlu nəticə qazanmaq istəyirəm.
"Unikal" xəbər verir ki, bu sözləri "Paris-2024" Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov deyib.
73 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib: "Yarımfinala və finala vəsiqə qazanan zaman sosial şəbəkələrdə mənə olan şərhləri oxudum. Çox xoşbəxt oldum. Həm Parisdə, həm də televiziya önündə yaxınlarım görüşümü izləyirdi. Biz hər zaman qalib gələcəyik. Çünki qalib xalqın övladıyıq. Yaşasın Vətənimiz!".
İdmançımız final görüşü barədə də danışıb: "Rəqib ev sahibi olduğu üçün ona dəstək çox idi. Arenadakılar qışqırdıqca, mən də qarşımdakına qışqırırdım. Bir dəfə Fransanın Monpelye şəhərində Avropa çempionu olmuşam. Yenidən fransızlar Azərbaycan Himnini ayaq üstə dinləməli olacaqlar".
Qeyd edək ki, Hidayət Heydərov finalda fransalı Joan Benjamen Qabanı məğlub edərək Olimpiya çempionu olub.