Hindistanın cənubundakı Kerala ştatında leysan yağışlar nəticəsində meydana gələn torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 93-ə çatıb.

"Unikal" BBC-yə istinadən xəbər verir ki, yerli xəstəxanalarda ən azı 129 yaralıya tibbi yardım göstərilir və indiyədək təxminən 250 nəfər xilas edilərək xilasetmə düşərgələrinə köçürülüb.

Ştat rəsmiləri bildirib ki, xilasetmə əməliyyatları davam edir, lakin leysan yağışları və körpünün uçması prosesin sürətli aparılmasına mane olur.

"Vəziyyət çox ağır olaraq qalır. İtkilər arta bilər", - ştatın yüksək səviyyəli rəsmisi yerli mediaya deyib.


Rəsmilər axtarış və xilasetmə işlərində təhlükəsizlik qüvvələrinə kömək etmək üçün 200-dən çox hərbçinin prosesə cəlb olunduğunu bəyan edib.

***14:33

Hindistanın Kerala ştatında torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 73-ə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.

Bildirilib ki, Vayanadda axtarış-xilasetmə işlərini Hindistanın Milli Fəlakətlərin İdarə Edilməsi Qüvvələrinin nümayəndələri, yanğınsöndürənlər və polis əməkdaşları həyata keçirirlər.

Ümumilikdə 100-ə yaxın insan xilas edilib.

Qeyd edək ki, torpaq sürüşməsi Kerala əyalətinin şimal-şərqindəki dağlıq ərazilərdə baş verib. Yüzlərlə insanın dağıntılar altında qaldığı ehtimal olunur. Bu səbəbdən ölən və yaralananların sayının arta biləcəyi istisna edilmir.

Hindistanın Baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib və pul təzminatını açıqlayıb. Ölənlərin yaxınlarına 200 min hind rupisi (təxminən 2,4 min dollar), yaralılara isə 50 min rupi (təxminən 600 dollar) veriləcək.

***09:45

Hindistanın cənubundakı Kerala ştatında torpaq sürüşməsi baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, son məlumatlara görə, fövqəladə hadisə nəticəsində ölənlərin sayı 41-ə, yaralananların sayı isə azı 70 nəfərə çatıb. 

Vayanad rayonunda dağlıq ərazilərdə baş  verən sürüşmədə yüzlərlə insan dağıntılar altında qalıb. 

Ştatın səhiyyə naziri Veena Corc sürüşmə bölgəsindəki körpünün dağıldığını bildirib. Bu səbəbdən xilasedicilərin qəza yerinə yaxınlaşması çətinləşir. Hindistanın baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib.

Gülayə Mecid