Xəbər verdiyimiz kimi, Tehranda İranın yeni seçilmiş prezidentinin andiçmə mərasimi keçirilib.
"Unikal" İran mətbuatına istinadən bildirir ki, Məsud Pezeşkian çıxışında bütün vəzifələrini yerinə yetirəcəyini, iranlıların hüquqlarını, ölkənin sərhədlərini və siyasi, iqtisadi və mədəni müstəqilliyini qoruyacağına söz verib.
O bəyan edib ki, İran və dünya üçün yeni imkanlar açılıb: "Tehran çətinliklərin öhdəsindən gəlməli və davamlı inkişaf üçün yollar açmalıdır və dünya İranın köməyi ilə regional və qlobal problemləri həll etmək üçün bu unikal fürsətdən istifadə etməlidir".
İranın yeni seçilmiş prezidenti əlavə edib ki, onun hökumətinin xarici siyasətinin prioriteti qonşu ölkələrlə əlaqələrin yaxşılaşdırılması və möhkəmləndirilməsi olacaq: "Qonşularımız öz dəyərli resurslarını gərginliyə və rəqabətə sərf etməməlidirlər".
O, həmçinin vurğulayıb ki, xarici aktorların regionda nizamlanma və sülh proseslərinə heç bir aidiyyatı yoxdur.
Ağarza Elçinoğlu