Rusiya FTX Sərhəd Xidmətinin nümayəndələri onilliklər sonra “Zvartnots” keçid məntəqəsində dövlət sərhədinin mühafizəsi funksiyalarını Ermənistan tərəfinə təhvil veriblər.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Protokolu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhəd qoşunlarının komandanı Edqar Hunanyan və Rusiya FTX-nin Ermənistandakı Sərhəd İdarəsinin rəisi, general-leytenant Roman Qolubitski imzalayıblar.
İrəvanda keçirilən rəsmi mərasimdə Rusiya FTX-nin Ermənistandakı Sərhəd İdarəsinin və Ermənistan MTN-nin Sərhəd Qoşunlarının rəhbərliyi və şəxsi heyəti iştirak edib.
Rusiyanın Ermənistandakı müvəqqəti işlər vəkili Maksim Seleznev bildirib ki, “Zvartnots” hava limanının keçid məntəqəsində əvvəlcə sovet, sonra isə Rusiya və Ermənistan sərhədçiləri 60 il keşik çəkiblər.
Tərəflər “Zvartnots” hava keçid məntəqəsində dövlət sərhədinin qaydası və vəziyyəti barədə məlumat mübadiləsi aparıb, Rusiya ilə Ermənistan arasında sərhəd təhlükəsizliyi məsələlərini müzakirə ediblər. Həmçinin 1992-ci ildən indiyədək dövlət sərhədi rejiminə əməl olunması üzrə görülmüş işlərin nəticələrinə yekun vurulub.
Qeyd edək ki, Rusiya sərhədçiləri Rusiya ilə Ermənistan arasında 1992-ci il 30 sentyabr tarixli müqavilənin Ermənistan ərazisində Rusiya sərhəd qoşunlarının statusunu və onların maraqları naminə fəaliyyət göstərmə şərtlərini müəyyən edən 8-ci maddəsinə uyğun olaraq yerləşdirilib.
Eyni zamanda Rusiya tərəfi bəyan edib ki, Rusiya FTX-nin Ermənistandakı sərhəd idarəsi "Zvartnots" hava keçid məntəqəsində Ermənistan Respublikasının dövlət sərhədinin mühafizəsini təmin etmək funksiyasını rəsmən dayandırır.
Ağarza Elçinoğlu