Sui-qəsd nəticəsində öldürülən HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə Qətərdə dəfn edilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İranın paytaxtı Tehranda qətlə yetirilən İsmayıl Haniyə üçün Qətərin paytaxtı Dohada dəfn mərasimi keçirilib.
Dünən axşam saatlarında Tehrandan Qətərə aparılan Haniyənin cənazəsi İmam Məhəmməd bin Əbdülvəhhab məscidinə gətirilib. Cümə namazından sonra Haniyə üçün dəfn mərasimi keçirilib.
Dünya Müsəlman Alimləri Birliyinin sədri Əli Muhyiddin əl-Qaradağinin qıldığı cənazə namazında Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə yanaşı, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, vitse-prezident Cevdet Yılmaz və Xarici İşlər Naziri Hakan Fidan, MİT sədri İbrahim Kalın, siyasi partiyaların nümayəndələri və millət vəkilləri də iştirak edib.
Mərasimdən sonra İsrail əleyhinə şüarlar, dualar və təkbirlərlə yola salınan Haniyənin cənazəsi Dohadan 15 kilometr şimalda yerləşən Lusail şəhərində dəfn edilib.
Zərifə Nağıyeva