Dünyanın ən məşhur qazlı içkilərinin istehsalçısı "Coca-Cola" ABŞ-da vergi ödəməməkdə ittiham olunur. Qeyd olunub ki, şirkət 10 ildir ki, vergi ödəməkdən yayınıb.
Amerika məhkəməsi qanunu pozduğuna görə korporasiyaya rekord məbləğdə cərimə kəsib. Bu da Coca-Cola tarixində ən böyük cərimə ola bilər.
"Unikal" xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
“Bu gün Birləşmiş Ştatların Vergi Məhkəməsi The Coca-Cola Company ilə Birləşmiş Ştatların Daxili Gəlir Xidməti arasında davam edən vergi işi ilə bağlı qərar çıxarıb. Qərarda təqribən 2,7 milyard dollarlıq öhdəlik var. Tətbiq olunan faizlər də daxil olmaqla, ümumi məbləğin təxminən 6 milyard dollar olacağı gözlənilir”, - deyə şirkətin açıqlamasında bildirilir.
İddialara görə, Amerika səlahiyyətliləri, Coca-Cola-nın gəlirlərinin böyük hissəsini xarici törəmə şirkətlərə köçürdüyünü görərək, sistematik olaraq şirkəti vergidən yayınmaqda ittiham edirdilər.
Korporasiya isə hesab edir ki, ABŞ Daxili Gəlir Xidməti ticarət nəhəngi ilə bağlı öz qanunvericiliyini səhv şərh edib.