Amerikalı sahibkar İlon Mask ikinci bir şəxsin "Neuralink" implantasiya prosedurundan keçdiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, o, canlı yayımlardan birində ikinci bir şəxsin artıq "Neuralink" şirkətinin beyin çipini implantasiya prosedurunu uğurla keçdiyini söyləyib.
O, bildirib ki, bu implantla hər şey çox yaxşı gedəcək. "Çox miqdarda siqnal qəbul edir və çoxlu elektrodlara malikdir”,- deyə Mask bildirib.
Onun sözlərinə görə, çip yerləşdirilən xəstənin beynində 400 elektrod fəaliyyət göstərir. Daha əvvəl "Neuralink" çipinə sahib olan ilk şəxs Nolan Arbaugh bildirmişdi ki, bəzi elektrodlar onun beynindən uzaqlaşsa da (təxminən 15%-i hazırda işləyir), cihazın effektivliyi artmaqda davam edir. Arbo ümid etdiyini bildirib ki, təcrübənin növbəti iştirakçısı elektrodların 90-100%-ni aktivləşdirə biləcək və bu, hazırda onun üçün mövcud olmayan yeni imkanlar açacaq.
Mask, həmçinin, şirkətin ilin sonuna qədər "Neuralink" implantları olan xəstələrin sayını 10-a çatdırmağı planlaşdırdığını bildirib. 2024-cü ilin yanvarında o, beyin implantı alan ilk şəxsin onurğa beyni zədəsi səbəbindən tamamilə iflic olan 29 yaşlı Nolan Arbaugh olduğunu açıqlamışdı. Cihaz beynin motor fəaliyyətinə cavabdeh olan bölgəsinə implantasiya edilib və beyin siqnallarını oxuyan mikrotellərə qoşulub. Bu siqnallar simsiz olaraq kompüter proqramına ötürülür və sahibinə öz düşüncələri ilə cihazı idarə etməyə imkan verir.
Zərifə Nağıyeva