"Paris 2024" Olimpiya Oyunlarında atıcılıq branşında Türkiyənin ilk medalını qazandıran Yusuf Dikeç atıcılıqdakı ikonik duruşu ilə dünya gündəminə düşüb.

"Unikal" xəbər verir ki,  Dikeç yarışda onu izləyən "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu, "X" sosial media platformasının sahibi İlon Maskı İstanbula dəvət edib. İlon Mask isə Türkiyə milli idmançısının dəvətini qəbul edib.

Sosial media üzərindən İlon Maska müraciət edən Yusuf Dikeç, "Salam İlon, sizcə, gələcəyin robotları olimpiadalarda əlləri cibində medal qazana biləcəklərmi? Bunu qitələri birləşdirən mədəniyyət paytaxtı İstanbulda müzakirə etməyə nə deyirsiniz?”,- deyə paylaşımında yazıb.

Buna cavab olaraq Mask daha əvvəl vuruşuna heyran olduğu Türkiyə milli idmançısına "Robotlar həmişə hədəfi tam ortada vuracaqlar. İstanbulu ziyarət etməyi səbirsizliklə gözləyirəm. Dünyanın möhtəşəm şəhərlərindən biridir",- deyə cavab verib.  

Zərifə Nağıyeva