İran İsrailə qarşı mümkün genişmiqyaslı müharibə kontekstində kömək üçün Rusiyaya müraciət edib və müasir hava hücumundan müdafiə sistemləri və radarları istəyib.
"Unikal" xəbər verir ki, bu barədə “The Wall Street Journal” İran rəsmilərinə istinadən məlumat yayıb.
Ötən gün Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu ölkənin yeni prezidenti Məsud Pezeşkian və İran silahlı qüvvələrinin komandanı, İsrailə qarşı hərbi zərbələrin planlaşdırılmasına rəhbərlik edən briqada generalı Məhəmməd Baqiri ilə görüşüb.
İran lideri özünün strateji tərəfdaşı kimi Rusiya Federasiyası ilə münasibətləri dərinləşdirmək əzmində olduğunu bəyan edib.
Pazeşkian iddia edir ki, İsrailin Qəzza zolağında “cinayətkar hərəkətləri” və keçən həftə Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi “bütün beynəlxalq qanun və qaydaların pozulmasının bariz nümunələridir”.
"Çoxqütblü dünyanın təşviqində İran və Rusiyanın birgə mövqeləri, şübhəsiz ki, daha böyük qlobal təhlükəsizlik və sülhə gətirib çıxaracaq", - İran prezidenti ifadə edib.
Şoyqu qeyd edib ki, Rusiya "regional məsələlərdə İranla tam əməkdaşlığa hazırdır".
İyul ayında HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İran İsraildən qisas alacağına söz verib. Avqustun 5-də media İranın İsrailə onun ərazisinə hücum qərarı ilə bağlı xəbərdarlıq etdiyini yazmışdı
İranın İsrailə yeni hücumu əvvəlkindən qat-qat güclü ola bilər. İsrail Müdafiə Qüvvələrinin Baş Qərargahının istefada olan polkovnik-leytenantı Mark Babot deyir ki, Tehran mindən çox hava hədəfindən istifadə edə bilər.
Gülayə Mecid