Sumqayıtda ata və anasını qətlə yetirməkdə təqsirləndirilən Fikrət Məmmədovun cinayət işi üzrə məhkəməsi başlayıb.
"Unikal"ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Dövlət ittihamçısı Samir Məmmədov çıxış edərək işin məhkəmə baxışına verilməsini təklif edib.
Məhkəmə qısa müşavirədən sonra işin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.
Məhkəmənin ilk baxış iclası avqustun 28-nə təyin edilib.
Qeyd edək ki, qətl bu ilin aprel ayında qeydə alınıb. Belə ki, Fikrət Məmmədov yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı atası- 1962-ci il təvəllüdlü Hakim Məmmədovu və anası-1965-ci il təvəllüdlü Zərifə Məmmədovanı bıçaqla xəsarətlər yetirərək öldürüb.
Fikrət Məmmədov hadisədən sonra polis əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 228.4-cü (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə) maddələri ilə ittiham irəli sürülüb.
Seymur Əli