Azərbaycanda vətəndaşlara qarşı dələduzluq hallarına qarşı kəskin mübarizə aparılır, həbslər var. Heç bir vətəndaş ictimai inamsızlıq yaradan bu hallardan sığortalanmayıb.
Dələduzlar vətəndaşların bu və ya digər formada etimadını qazanaraq müxtəlif yollarla asan və qanunsuz qazanc əldə etməyin yollarını axtarırlar. Belələrinə qarşı polis əməkdaşlarının fəaliyyəti kifayət qədər gücləndirilib və təkcə ötən ayın statistikasının təhlilləri vəziyyətin Daxili İşlər Nazirliyinin nəzarətində olduğunu təsdiqləyir.
"Unikal"ın apardığı araşdırmaya əsasən, son həftələrdə (iyul ayı və avqustun ilk yarısı ərzində) nə az, nə çox, 130 dələduzluq faktı müəyyənləşdirilib və bu cür qanunsuz əməllərə qol qoyan çox sayda şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Həmin dələduzluq faktları arasında sosial şəbəkələrdə vətəndaşları aldadanlar da, şəxsi həyata müdaxilə yolu ilə kiminsə şəkillərini internet məkanında paylaşaraq nalayiq ifadələr yazılması və silinməsi müqabilində ondan hədə-qorxu ilə pul tələb edənlər də, yaxın qohumlarının müalicəsinə təcili pul lazım olması adı ilə yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsi ilə zənglər edib onların külli miqdarda pul vəsaitlərinin ələ keçirənlər də var.
Hətta bəzi cinayətkar ünsürlər bir az da irəli gedərək özlərini müxtəlif yuxarı vəzifəli, yaxud yüksək rütbəli şəxslər kimi təqdim edərək insanları soymaqdan da çəkinmirlər. Sadə bir nümunə: yaxın günlərdə saxta general mundirli şəxs – Babazadə Elvin Firudin oğlu polis əməkdaşları tərəfindən saxlanıldı. Məlum oldu ki, o, özünü hansısa xüsusi idarənin rəisi kimi təqdim edib, 100-dən artıq orden-medalının olmasını əsas gətirərək vətəndaşları aldadıb. Təkcə cari ilin aprel-may aylarında ayrı-ayrı zərərçəkənlərə müxtəlif vədlər verərək onlara 61700 manat zərər vurub.
Yeri gəlmişkən, bəhs etdiyimiz dövrdəki faktlardan başqa bir məqam da aydın olur: Dələduzların qurbanına çevrilən vətəndaşların itirdikləri məbləğlər kifayət qədər böyükdür. Məsələn, iyulda keçirilən əməliyyat zamanı paytaxt ərazisində ahıl vətəndaşlara qarşı dələduzluğa cəlb edilən daha bir şəxs saxlanılıb və məlum olub ki, o, 28 min, 9 min və 6 min manat olmaqla ümumilikdə 3 vətəndaşa 43 min manat maddi ziyan vurub. Yaxud, yenə ötən ay bu dəfə Sumqayıt şəhər sakini olan bir nəfərin aldadılaraq böyük məbləğdə – 21500 manat pulunun alınması barədə məlumat alan polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlində şübhəli bilinən şəxs saxlanılıb.
İndi isə gəlin başqa bir statistikaya göz ataq. Belə ki, avqustun ilk ongünlüyündə polisin keçirdiyi əməliyyatlar nəticəsində saxlanılma faktları Azərbaycanda dələduzluğun bir qrup tərəfindən faktiki olaraq "həyat fəaliyyətinə" çevrildiyini və polisin belə şəxslərə qarşı tam səfərbər olunduğunu söyləmək üçün ciddi əsaslar verir. Gəlin rəqəmlərlə tanış olaq:
– polis əməkdaşlarının avqustun 1-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib;
– polis əməkdaşlarının avqustun 2-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib;
– polis əməkdaşlarının avqustun 6-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib;
– polis əməkdaşlarının avqustun 7-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib;
– polis əməkdaşlarının avqustun 8-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib;
Polis orqanlarının dələduzluqla mübarizəsi yalnız əməliyyat tədbirləri yekunlaşmır; eyni zamanda DİN mütəmadi şəkildə, az qala, günaşırı dələduzluq əməlləri ilə bağlı cəmiyyəti xəbərdar edir, xaricdən bank hesablarının, digər şəxsi məlumatların ələ keçirilməsi məqsədilə edilən naməlum zənglərdən tutmuş müxtəlif dövlət qurumlarının adından sui-istifadəyə qədər ən müxtəlif dələduzluq üsulları barədə cəmiyyəti məlumatlandırır, maarifləndirir. Lakin bütün bunlara baxmayaraq təəssüf ki, hələ də bir çox vətəndaşlar asan və qanunsuz qazanc ovuna çıxan belə cinayətkarların "toruna" düşürlər.
Digər tərəfdən isə kənar müşahidələr əsasında adama bəzən belə gəlir ki, bütün bu cinayətkar ünsürlər hansısa nəhəng dələduzluq şəbəkəsinin üzvləridir. Ola bilsin, onlar arasında birbaşa əlaqə, bir-birləri ilə bağlılıq yoxdur, lakin bu şərti şəbəkənin cəmiyyətdə ortaq bir fikir formalaşdırmağa çalışırlar ki, guya ölkədə dələduzluğa qarşı ciddi mübarizə aparılmır və cinayətkarların vətəndaşları aldatmaq, təhdid və şantaj etmək yolları ilə pullarını ələ keçirmək üçün münbit zəmin var. Lakin elə yazımızda yer verdiyimiz son ayyarımlıq statistikadan, konkret rəqəmlərdən hər şey göz önündədir.
Aydın məsələdir ki, məlum cinayətkar ünsürlərin özlərinə xas şəkildə belə bir saxta rəy formalaşdırmaqda konkret niyyətləri var: Polisi ictimai qınaq hədəfinə çevirməyə çalışmaq, bununla da polis və vətəndaş arasındakı etimadı mümkün olduğu qədər zəiflədərək öz çirkin planlarını həyata keçirmək üçün daha rahat imkanlar qazanmaq.
Hərçənd, bu kirli niyyətin elə niyyət olaraq da dələduzların gözündə qalacağına şübhə yoxdur, ancaq vətəndaşlar da dələduzlara qarşı həssaslıqlarını artırmalı, DİN-in xəbərdaredici-maarifləndirici açıqlamalarına diqqətlə yanaşmalı, asan və qanunsuz qazanc əldə etməyi qarşılarına hədəf qoyan cinayətkar şəbəkənin qurbanına çevrilmək üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlığı gücləndirməlidirlər. Yəni yalnız polislərin öz üzərinə düşən vəzifəni yerinə yetirməsi ilə bu həyati problemin kökündən həllinə ümid etmək azdır, eyni zamanda biz vətəndaş olaraq həssaslığımızı və ehtiyatkarlığımızı artırmaqla meydanı dələduzlara dar edə bilərik.
Seymur Əli