Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Kərimov Üzeyir Şirməmməd oğlunun növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, ilk olaraq dindirilən təqsirləndirilən şəxs Üzeyir Kərimov oğurluq ittihamını qismən qəbul etdiyini bildirib:
"Mən şikayətçi Elçin Orucova nəyin pulunu vermişəmsə, onu evdən götürmüşəm, qarajdan heç nə götürməmişəm, yəni oğurluq etməmişəm. Ev yiyəsinə götürülən mallara görə 47 min 800 manat pul ödəmişəm. Oğurluq maddəsi ilə ittiham olunduğumu həbs olunduğum gün bilmişəm. Mən Elçin Orucovun yaşadığı bina ilə üzbəüz binada mühafizəçi işləmişəm. Ev yiyəsi Elçin mənə dəfələrlə xahiş edib ki, get qarajdan, evdən nəsə götür-gətir. Qarajın açarı bizdə olub, evin açarı daim özündə olub. Həmin evdən əntiq əşyaları yad adam götürməyib. Mənə Elçin müəllimin sifarişi ilə həmin mallar satılıb.
Saxlanılanda sürdüyüm avtomobil, həmçinin evimdən qızıl əşyaları və 500 manat pul götürülüb. Elçinin evinə girməyimə gəldikdə isə, adını çəkmədiyim həmin adam mənə deyib ki, evdə buradan o yana keçmə. Elçinin öz votsap yazışmalarında həmin götürülən malların qiymətləri var. Mən bu işlə bağlı Elçinə məktub yazmışam".
Cinayət işində 2 nəfər-Orucov Elçin Aydın oğlu və Orucova Alisa Yuryevna zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, məhkəmə təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədovun vəsatəti əsasında zərərçəkən şəxs Elçin Aydın oğlu Orucovun məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxardıb.
Məhkəmə prosesi sentyabr ayının 4-nə kimi təxirə salınıb.
Xatırladaq ki, əməkdar mədəniyyət işçisi olan Elçin Orucov Səttar Bəhlulzadə adına sərgi salonunun direktorudur. Həmçinin o, əntiq, qədimi əşyaların satışı ilə məşğuldur, məşhur kolleksionerdir.
Seymur Əli