İngiltərəli Rayan Briqqs sadə saç boyama prosedurundan sonra dəhşət yaşayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı oğlan anasının aldığı qara saç boyasını dəri testi etmədən istifadə edib. Səhəri gün isə Rayan özünü tanıya bilməyib. İşdə üzünün getdikcə şişdiyini görən gənc vəziyyətin ciddiliyini anlayıb.
Həkimlər xəstəxanaya yerləşdirilən Rayana saç boyalarında tez-tez rast gəlinən parafenilendiamin (PPD) maddəsinə allergik reaksiya diaqnozu qoyublar. Şişkinliyin boyun və nəfəs borusuna keçmə riski səbəbilə 13 saat xəstəxanada qalan Rayan 5 gün ərzində gündə 25 tablet istifadə etməli olub.
"Bu hadisə saç boyasından istifadə edərkən dəri testinin aparılmasının nə qədər vacib olduğunu bir daha göstərdi. Həmişə dəri testi edin. Mənim başıma gələnlər daha pis nəticələnə bilərdi. Şişkinlik boynuma doğru gedirdi və nəfəs almağıma mane ola bilərdi", - Rayan deyib.
Xoşbəxtlikdən, Rayanın vəziyyəti zamanla yaxşılaşıb.
Bu hadisə gözəllik məhsullarından istifadə edərkən diqqətli olmağın və istifadə qaydalarına əməl etməyin vacibliyini bir daha nümayiş etdirib. Mütəxəssislər vurğulayırlar ki, kimyəvi tərkibli məhsullardan, xüsusilə saç boyasından istifadə etməzdən əvvəl dəri testi aparılmalıdır.
Gülayə Mecid