Mərhum müğənni Vidadi Bərdəlinin 12 il müddətə həbsə məhkum edilmiş oğlu Tuncay Vəliyev azadlığa buraxılıb.
"Unikal" xəbər verir ki, bu barədə V.Bərdəlinin həyat yoldaşı Naida Heydərova məlumat verib.
Xatırladaq ki, T.Vəliyev tanışı F.Ocaqquliyevlə birgə 2018-ci ildə taksi sürücüsü Rəşad Hüseynovu Nəsimi rayonu ərazisində qətlə yetirməkdə ittiham edilib. Lakin məhkəmə T.Vəliyevə ittiham olunduğu qəsdən adam öldürmə maddəsi üzrə bəraət verib. O, yalnız narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu ildə çıxardığı hökmlə F.Ocaqquliyev 19 il, T.Vəliyev isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.
Tuncay Vəliyev bir müddət müğənni kimi fəaliyyət göstərib.
Onu da qeyd edək ki, Vidadi Bərdəlinin digər nikahından olan oğlu Tural Allahverdiyev də hazırda həbsdədir. O, Bərdədə tanışını borca görə qətlə yetirməkdə təqsirli bilinib və 13 il 6 ay həbsə məhkum edilib.
Qeyd edək ki, V.Bərdəli 2012-ci il noyabrın 30-da 53 yaşında vəfat edib.