Dünyanın ən qapalı ölkələrindən biri olan Şimali Koreya illər sonra qapılarını xarici turistlərin üzünə açacaq.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, KXDR təxminən beş il ərzində COVID-19 səbəbiylə sərhədlərini bağlı saxlayıb. Lakin bildirilir ki, ölkə dekabr ayında sərhədləri xarici turizmə yenidən açmağı planlaşdırır.
Çində fəaliyyət göstərən "KTG Tours" şirkəti də "Facebook" səhifəsindən açıqlama verərək, "Turistlərin bu qış Samjiyona (Paektu dağ bölgəsi) gedə biləcəyi deyilir. Dəqiq tarixlər təsdiqlənməyib. Hələlik yalnız Samjiyon rəsmi olaraq açıqlanıb. Lakin Pxenyan və digər yerlərin də açılacağını düşünürük", - bildirib.
Şimali Koreyanın Çinlə dağlıq şimal sərhədi yaxınlığında yerləşən Samjiyon ölkədə müqəddəs sayılan Paektu dağına açılan qapıdır və rəsmi rəvayətlərə görə keçmiş Şimali Koreya lideri Kim Çen İrin doğulduğu yerdir.
Onun oğlu və varisi Kim Çen In şəhərdə mənzillər, hotellər və xizək kurortundan ibarət nəhəng layihəni həyata keçirmək üçün böyük vəsait ayırıb. Şəhər “sosialist utopiyası” kimi dizayn edilib.
Şimali Koreya koronavirus pandemiyasından qorunmaq üçün 2020-ci ilin əvvəlində sərhədlərini bağlayıb və hətta öz vətəndaşlarının da illərlə ölkəyə girişinin qarşısı alınıb.
Gülayə Mecid