Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Cinayət Məcələsinin 120.2.2, 120.2.4 və 128-ci maddəsi ilə təqsirləndirilən şəxs Qürbətov Səbuhi İlkin oğlunun məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
"Unikal"ın məlumatına görə, cinayət işində Cabbarova Şəfiqə zərərçəkmiş şəxsin hüquqi varisi, Məmmədli Qızqayıt Balacan qızı isə zərərçəkmiş qismində tanınıb. Məhkəmənin sonrakı gedişində təqsirləndirilən və zərərçəkən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə prosesi təqsirləndirilən şəxsin vəkili məhkəmə prosesində iştirak etmədiyi üçün 16 avqust tarixinə kimi təxirə salınıb.
Xatırladaq ki, hadisə bu ilin aprel ayında qeydə alınıb. Xətai rayon prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı 2003-cü il təvəllüdlü Səbuhi Qürbətovun Xətai rayonu, Xudu Məmmədov küçəsi ərazisində sevgilisi Elnarə Cabbarovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Səbuhi Qürbətov saxlanılaraq polis müşayiəti altında xəstəxanaya aparılıb, ona tibbi yardım göstərildikdən sonra həyatı xilas olunub.
Seymur Əli