2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 67 saylı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş tibb elmləri doktoru, akademik Əhliman Tapdıq oğlu Əmiraslanov Sabirabad rayonu, Ulacalı kənd tam orta məktəbinin iclas zalında Ulacalı, Mürsəlli, Bulduq və Şıxlar kəndlərindən olan seçicilərlə görüş keçirib.
"Unikal" xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov bildirib ki, Yeni Azərbaycan Partiyası bu zamana qədər Azərbaycanın inkişafında müstəsna rol oynayıb və bundan sonra da ölkəmizin tərəqqisi naminə reallaşdırılacaq strateji kursa öz töhfələrini verəcək. O, deputatlığa namizəd Əmiraslanov Əhliman Tapdıq oğlu haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Əhliman Əmiraslanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Daha sonra bildirib ki, öz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürən Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Bütün bunların müqabilində ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər.
Əhliman Əmiraslanov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbirdə, həmçinin çıxış edən kənd sakinləri Ağayev Səfərqulu, Rüstəmov Ülviyyə, Zeynalov Vilayət və digərləri çıxış ediblər. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu gənclər siyasətindən danışaraq Yeni Azərbaycan Partiyasının fəaliyyətini yüksək qiymətləndiriblər. YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülən 67 saylı Sabirabad seçki dairəsi üzrə Əhliman Əmiraslanova dəstəklərini ifadə ediblər.
Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd tibb elmləri doktoru, akademik Əhliman Əmiraslanov Qaralar kənd Mədəniyyət evinin iclas zalında Qaralar, Məmişlər, Əsədli və Qəfərli kəndlərindən olan seçicilərlə də görüş keçirib. Kənd sakinləri Çingiz Mehdiyev, Fuad Mirzəyev, Ceyhun Mehdiyev, Babayeva Bəyim, Məmmədov Rafiq və digərləri çıxış ediblər. Yeni Azərbaycan Partiyasına olan etimadlarını ifadə edərək, parlament seçkilərində öz səsvermə hüquqlarından istifadə edəcəklərini bildiriblər.