Putinin Azərbaycana getməsi çox vaxtında edilən səfər idi.
"Unikal" xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov Rusiya lideri Vladimir Putinin Bakı səfərini şərh edərkən deyib.
O, məlum səfəri çox müsbət qiymətləndirdiyini açıqlayıb: "Əgər əvvəllər Zaqafqaziyaya səfərləri zamanı Rusiya liderləri əvvəlcə İrəvana, sonra isə yalnız Bakıya və ya əksinə səfər etmişdilərsə, bu səfər çox fərdi xarakter daşıyır. Bu, strateji əməkdaşlıq perspektivləri, birgə layihələrdə iştirak, “Şimal-Cənub” dəhlizi, Azərbaycanın postsovet məkanına potensial inteqrasiyası, Avrasiya İttifaqına, ŞƏT-ə və hətta BRİKS-ə üzvlük kimi mühüm parametrləri müəyyənləşdirir.
Necə deyərlər, Bakının qapıları bağlı deyil. İkincisi, Moskva-Bakı-Tehran formatında üçtərəfli strateji əməkdaşlıq imkanları nəzərdən keçirilir. Yeri gəlmişkən, bu, bütün Transqafqazın konfiqurasiyasını tamamilə dəyişəcək. Praktikada necə olacağını görək, amma nəzəri olaraq hər şey düzgündür".
Politoloq erməni jurnalistin sualına cavabında bildirib ki, tərəflər Ermənistana yalnız sülh müqaviləsinin mümkün imzalanması kontekstində danışırlar: "Zəngəzur dəhlizi problemi aradan qalxır. İndi görək ermənilər Zəngəzur dəhlizini necə satacaqlar, bu yemi kim udacaq. Ankara və Bakı Zəngəzur dəhlizinin yeni istiqamətinin İrandan keçməsi barədə razılığa gəliblər. Bu təsadüfən edilməyib. İsraillə qarşıdurma fonunda Rusiyanın İrana hərbi-texniki dəstək verməyə başladığını nəzərə alsaq, İran bu vəziyyətdə özünü necə aparacaq? Çox güman ki, Tehran Moskva-Bakı-Tehran üçtərəfli formatına uyğun hərəkət edəcək və İrəvanın problemləri ikinci və üçüncü plana salınacaq".
O, həmçinin qeyd edib ki, Azərbaycanda İrana qarşı fəaliyyət göstərən xüsusi İsrail obyektləri yoxdur: "Bu uydurmadır. İsrailin guya hərbçilərini qayıtmağa çağırışı Bakıya qarşı təxribat xarakterli addım idi, çünki İsrail Azərbaycanla İran arasında münasibətlərin inkişafından, Rusiya ilə əməkdaşlıqdan narazıdır. İsrail Azərbaycana hücum etməyə başlayır ki, guya Gürcüstan və Azərbaycan ərazisində İsrailin bəzi hərbi obyektləri var. Azərbaycan bu halı qəti şəkildə inkar edir, bunu kəşfiyyat məlumatları da təsdiqləyir".
Ağarza Elçinoğlu