Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları kirayədə götürülən fərdi evdə çətənə və marixuana istehsalı kompleksi aşkar ediblər.
"Unikal" xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, 38 yaşlı Rusiya vətəndaşı A.A.-nın rəhbərlik etdiyi cinayətkar qruplaşmada şərikləri: Koreya vətəndaşı J.K., həmçinin Ermənistan vətəndaşları, 25 yaşlı E.A və 19 yaşlı S.K. polis tərəfindən saxlanılıb.
"Telegram" vasitəsilə narkotik vasitələrin satışı ilə məşğul olan A.A. 2023-cü ilin aprel ayında C.K. ilə birlikdə fərdi ev kirayələyib, orada çətənə yetişdirməyə və marixuana istehsal etməyə başlayıblar.
2021-ci ilin dekabrından 2023-cü ilin noyabrına qədər cinayət ortaqları narkotik vasitələrin satışına görə 9 milyon 150 min dram (təxminən 24 min dollar) alıblar.
Göstərilən fərdi yaşayış evinə baxış zamanı 200-dən bir qədər çox çətənə kolu, 3 kq 30 qram qurudulmuş çətənə və 59,09 qram marixuana, həmçinin “istehsal avadanlığı”: ultrabənövşəyi lampalar, havanın rütubətini tənzimləyən qurğular və s. aşkarlanıb.
Qrup üzvlərinin mənzillərinə baxış zamanı onlardan daha 323,7 qram marixuana və 0,05 qram metamfetamin aşkar edilərək götürülüb.
A.A və onun əlaltıları tutularaq cinayət işi açılıb. İş üzrə materiallar prokurorluğa verilib.