"Bellfast Baku" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində cərimə protokolu tərtib olunub.
"Unikal"ın əldə etdiyi məlumata görə, cərimə İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü (Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə) maddəsinə əsasən yazılıb.
Protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Elçin Ağayevin sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, sözügedən maddənin pozulmasına görə hüquqi şəxslər 20 min manat məbləğində cərimə edilir.
Onu da qeyd edək ki, "Bellfast Baku" MMC Azərbaycanda müxtəlif xidmətlərin göstərilməsinə dair sifarişlərlə iş üçün məlumatların işlənilməsi üzrə ən iri məlumat mərkəzlərindən biridir.
Murad İbrahimli