"Altis Qrup of Kompani" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində cərimə protokolu tərtib olunub.
"Unikal"ın əldə etdiyi məlumata görə, cərimə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən yazılıb.
Protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Elçin Ağayevin sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, "Altis Qrup of Kompani" MMC Azərbaycanda şüşə emal edən və tikinti sektoruna dair digər fəaliyyətləri təşkil edən şirkətdir.
Onu da qeyd edək ki, sözügedən inzibati xətanın törədilməsinə görə hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Murad İbrahimli