Televizor ekranları və qadcetlər qarşısında çox vaxt keçirmək insult və digər ürək-damar xəstəlikləri də daxil olmaqla ciddi ürək xəstəliklərinin inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər.
"Unikal" xəbər verir ki, bu barədə Kaliforniya Universitetinin (ABŞ) tibb alimlərindən ibarət bir qrup araşdırma aparıb.
30 il davam edən araşdırmada 18-30 yaş arası 4 mindən çox kişi və qadının həyat tərzi və sağlamlığı müşahidə edilib. Nəticələr göstərir ki, ekran qarşısında sərf olunan hər əlavə saat, xüsusən də kişilər üçün 60 yaşa qədər yaşamaq şansını azaldır.
Orta yaşda bu tendensiya davam edir: Gündə hər əlavə saat ekran vaxtı koroner ürək xəstəliyi riskini 55%, insult riskini 58% və ümumi ürək xəstəliyi riskini 32% artırır.
Tədqiqatın aparıcı müəllifi və UCSF-nin yeniyetmə və gənclər tibb üzrə dosenti Ceyson Naqata qeyd edir ki, yalnız smartfonun göstərdiyi ilə yaşamaq vərdişi insanın həyatından “oflayn” reallığa olan marağı sıxışdıra bilər, fiziki fəaliyyəti azalda bilər, yuxunu poza və gənc yaşda ciddi ürək xəstəliyinə səbəb ola bilər.
Gülayə Mecid