Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Ağaoğlan oğlu Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Nurəddin oğlu Kazımov, Quru qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Tahir oğlu Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Vüsal Ədalət oğlu Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib. İclasda cinayət işi üzrə sübutların qiymətləndirilməsi ilə bağlı qərarlar açıqlanıb.
Həmin qərarlardan birində göstərilib ki, Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqov və digər şəxslərin barəsində araşdırma davam etdirilib.
Bundan başqa, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi, polkovnik Rəfael Xələfov, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik-leytenant Rəşad Məlikzadə, maliyyə xidmət rəisi olmuş, hazırda həbsdə olan Sadiq Hacıyev və digər şəxslərin barəsində cinayət işi ayrıca icraata götürülməsi barədə qərar elan edilib.
Məhkəmənin növbəti gedişində Cəlal Kazımovun vəkili Əli Adıgözəlov çıxış edərək qeyd edib ki, ibtidai istintaq tərəfindən 2 milyon 551 min manat məbləğində ittiham verilib. Vəkilin sözlərinə görə, ittihamda həmin məbləğin 400 min manatı Ali Hərbi Məktəbdə, qalan məbləğ isə korpusda işlədiyi illərdə mənimsənilib. Vəkil qeyd edib ki, mənimsənilən məbləğlə bağlı verilən ittiham məhkəmədə verilən ifadələrlə uyğun gəlmir: "Bununla bağlı arayış hazırlamışam və bunu məhkəməyə təqdim edəcəm". Hakim isə deyib ki, həmin arayışı məhkəməyə təqdim edin, müşavirədə bu məsələyə qiymət veriləcək".
Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə bildirib ki, müvəkkilinə 18 milyon 674 min manat mənimsəmə ittihamı verilib: "Müdafiə Nazirliyinin Katibliyinin İşlər İdarəsinə 2015-2021-ci illərdə ümumilikdə 16 milyon 84 min 837 manat əsassız ödənişlər edilib. Maliyyə yoxlamaları 2015-2021-ci illərdə aparılıb. Bu mənimsənilən məbləğlərin bir hissəsidə 2015-2017-ci illərdə Namiq Poladovun işlədiyi dövrə düşür. Namiq Poladovun şahid kimi məhkəməyə gətirilməsi ilə bağlı əlavə vəsatət verəcəm. O, məhkəmə gətirilməlidir".
Daha sonra cinayət işində təqsirləndirilən şəxslərin və onların yaxın qohumlarının bəzi əmlaklarının üzərinə qoyulan həbslərin siyahısı açıqlanıb.
Məhkəmədə məlum olub ki, Cəlal Kazımova aid olan və üzərinə həbs qoyulmuş əmlakların bir neçəsi həbs olunamışdan əvvəl başqa-başqa şəxslərə satılıb. Bununla bağlı Cəlal Kazımovun vəkili Əli Adıgözəlov məhkəmənin diqqətinə çatdırıb ki, Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə sorğu verilsə, əmlakların nə zaman alqı-satqı olunması ilə bağlı sənədlər aydınlaşacaq.
Daha sonra Cəlal Kazımovun vəkili bildirib ki, Hərbi Hava Qüvvələrinin sabiq komandiri Ramiz Tahirov Cəlal Kazımovun işlədiyi dövrdə heç bir tənbeh və ya töhməti olmaya-olmaya onun barəsində istintaq orqanına mənfi xasiyyətnamə təqdim edib: "Biz yenidən həmin komandanlığa müraciət edərək yeni xasiyyətnamə verilməsini istəmişik. Ramiz Tahirovdan sonra təyin olunan komandanın imzası ilə Cəlal Kazımova xidməti ilə bağlı xasiyyətnamə təqdim edib. Həmin xasiyyətnamə də isə Cəlal Kazımov müsbət xarakterizə olunub".
Dövlət ittihamçısı bildirib ki, Cəlal Kazımovla bağlı iki xasiyyətnamə var, hər ikisi də fərqlidir. O, məhkəmənin Hərbi Hava Qüvvələrinin rəhbərliyinə sorğu verilməsini, yeni xasiyyətnamə təqdim olunmasını istəyib.
Hakim Fikrət Əliyev bildirib ki, dövlət ittihamçısının vəsatəti təmin olunmur, buna səbəb isə hər iki xasiyyətnamə ilə bağlı müşavirə otağında qərar veriləcək.
Bundan sonra Nizami Məmmədovun vəkilləri məhkəməyə onun xidməti dövründə təltif olunduğu medallarıın siyahısını təqdim ediblər. Həmin siyahıdan məlum olur ki, general dəfələrlə Müdafiə Nazirliyinin yubileyi və Vətən uğrunda medalları ilə təltif olunub. Vəkillər qeyd ediblər ki, Nizami Məmmədov 2020-ci ildə general rütbəsi alıb.
Daha sonra vəkillər Nizami Məmmədovun xəstəliyi ilə bağlı sənədləri məhkəməyə təqdim ediblər. Məhkəmə heyəti Nizami Məmmədovun vəkilləri tərəfindən təqdim olunan sənədləri cinayət işinə əlavə olunması ilə bağlı qərar qəbul edib.
Məhkəmənin növbəti prosesi avqust ayının 30-na təyin edilib.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusi ilə külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
Seymur Əli