Məşhur müğənni Özcan Dənizlə meneceri Ercan Dəniz arasında gərginlik yaşanıb. Maddi və mənəvi zərər gördüyünü deyən Özcan Dəniz həyat yoldaşı və uşağından başqa ailə üzvləri ilə əlaqəsini kəsib.
"Unikal" xəbər verir ki, bu barədə müğənni "Instagram"da yazıb.
İlk evliliyindən olan oğlu və yeni həyat yoldaşı Samar Dadgar ilə fotosunu yayımlayan Özcan Dəniz, "Səni çox sevirəm. Canım oğlum, can yoldaşım. Sən mənim canımsan. Kimin üçün yaşadığımı indi bilirəm. Və mən heç vaxt olmadığım qədər rahat və güclüyəm", - qeyd edib.
Bunun fonunda Ö.Dənizin bacısı Yurda Gülər açıqlamasında bütün günahı azyaşlı gəlinləri Samar Dadgarın üzərinə atıb.
Qardaşının paylaşımlarından sonra "Instagram"dan hesabında ardıcıl açıqlamalar verən Yurda Gülər bu ifadələrdən istifadə edib:
"Qardaşım Özcan Dənizin “Ailəmlə artıq heç bir əlaqəm yoxdur, mənə maddi və mənəvi ziyan vururlar” cümləsinə görə izahat ehtiyacı hiss etdim. Qeyd edim ki, qardaşım mənim və ərimin illərdir dırnağımızla, dişimizlə tikdiyimiz yuvamıza və işimizə bir dənə də olsun kərpic qoymayıb. İşin əsli budur: Samar Dadgar birinci evliliyi bitməmiş İrandan bura məşhur olmaq üçün gələn qadındır. Biz, bu qızı heç bəyənmədik, onu incitməmək üçün daha ətraflı məlumat verməyəcəyəm. Bu qız müxtəlif hiylələri və çox ağıllı hərəkətləri ilə qardaşımı bizə düşmən edib, qışın ortasında ana və bacısını evdən qovub".
Gülayə Mecid