Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs- İsmayılov Yusif İdris oğlunun məhkəmə prosesinin növbəti iclası keçirilib.
"Unikal"ın məlumatına görə, hakim məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin fikrini öyrənib. Sonra dövlət ittihamçısı Tural Yaqubov ittiham nitqi ilə çıxış edərək Yusif İsmayılovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili Nicat İmanzadə çıxış üçün məhkəmədən vaxt istəyib. Zərərçəkənin hüquqi varisi, atası Bəxtiyar Fətəliyev qarşı tərəflə barışmadığını və Yusif İsmayılova ağır cəza verilməsini istəyib.
Məhkəmə prosesi sentyabr ayının 10-na kimi təxirə salınıb.
Xatırladaq ki, qətl hadisəsi bu il yanvarın 13-də saat 22 radələrində Bayıl qəsəbəsində baş verib. 29 yaşlı Etibar Fətəliyev qohumu tərəfindən bıçaqlanaraq öldürülüb.
Hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı Yusif İsmayılov Etibarın xalası oğludur. Qətlə yetirilən gənc isə fitnes üzrə peşəkar idmançı olub. İlkin məlumatda hadisənin mübahisə zəminində baş verdiyi, xalası oğluna gücünün çatmayacağını görən şəxsin bıçaqla ona zərbələr endirərək qətlə yetirdiyi bildirilir.
Hadisə Səbail rayonu, Salyan şossesi 15 ünvanında baş verib. Xəstəxanaya aparılan Etibar Fətəliyev yolda kəskin qanitirmədən vəfat edib. Y.İsmayılov saxlanılıb.
Qeyd edək ki, Etibar Fətəliyev Müdafiə Nazirliyinin zabiti olub.
Etibar Fətəliyev 44 günlük Vətən müharibəsinin də iştirakçısı olub. O, göstərdiyi şücaətlərə görə, “İgidliyə görə”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Seymur Əli