Avqustun 27-də saat 22 radələrində Bərdə rayonu ərazisində 2000-ci il təvəllüdlü Bəhmən Hüseynovun almış olduğu xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bərdə rayon prokurorluğundan "Unikal"a verilən məlumata görə, araşdırma zamanı 2008-ci il təvəllüdlü Mirsaleh Hüseynovun aralarında yaranmış mubahisə zamanı Bəhmən Hüseynova bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Mirsaleh Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.
*** 23:05
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Hüseynov Mirsaleh Firdovsi oğlu saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Unikal"a bildirilib ki, ilkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.
*** 22:19
Bu gün saat 21 radələrində Bərdə rayonunun ərazisindəki qəbiristanlıqda 2002-ci il təvəllüdlü Hüseynov Bəhmən Bəxtiyar oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Unikal"a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.