Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, “Meta”nın və “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq prezident seçkilərinə müdaxilə etmək qərarına gələrsə, ömrünün qalan hissəsini həbsxanada keçirəcək.
"Unikal" xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat dərc edib.
Siyasətçi “Amerikanı xilas et” kitabında yazıb ki, "Meta" rəhbəri 2020-ci il seçkiləri zamanı ona qarşı "sui-qəsd" hazırlayıb və bunu yenidən etsə “həyatının qalan hissəsini həbsdə keçirəcək".
Kitabda Trampın Ağ Evdə Zukerberqlə görüşünün fotosu da yer alıb.
“Politico”nun qeyd etdiyi kimi, Tramp Zukerberq və həyat yoldaşı Priscilla Çanın 2020-ci il seçkiləri zamanı seçki infrastrukturunu maliyyələşdirmək üçün etdikləri 420 milyon dollarlıq töhfəni nəzərdə tutur.
“O, mənə dedi ki, "Facebook"da Tramp kimi heç kim yoxdur. Amma eyni zamanda nədənsə onu mənə qarşı çevirdi. Biz onu diqqətlə izləyirik və əgər o, bu dəfə qeyri-qanuni iş görsə, ömrünün qalan hissəsini həbsxanada keçirəcək – 2024-cü il prezident seçkilərində saxtakarlıq etmiş digərləri kimi”, – nəşr kitabdan sitat gətirib.
Bundan əvvəl Zukerberq Trampı və ya ABŞ prezidenti Co Baydeni dəstəkləməyəcəyini bildirmişdi.
Gülayə Mecid