Bakıda köşkə basqın edərək hədə-qorxu yolu ilə pul tələb etmədə təqsirləndirilən Mehdi Abbaszadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
"Unikal"ın məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Daha sonra ittiham nitqi ilə çıxış etmək üçün söz dövlət ittihamçısı Vüsal Mehrəliyevə verilib.
Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkil müdafiə çıxışı edib, təqsirləndirilən şəxs son söz deyib.
Məhkəmə müşavirədən qayıtdıqdan sonra hökmü elan edib.
Hökmə əsasən, Mehdi Abbaszadə 6 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki hadisə 2022-ci ilin noyabrında baş verib. Belə ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə noyabrın 19-da saat 4 radələrində Z.Xəlilov küçəsindəki köşklərdən birinə gələn bir nəfərin satıcını əlindəki alətlə hədələyib kassadan 600 manat pulu quldurluq yolu ilə talaması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mehdi Abbaszadə müəyyən edilərək saxlanılıb. Ona qarşı 180.2.2-ci (təkrar soyğunçuluq), 180.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə soyğunçuluq), 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) və 178.2.2 (dələduzluq təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Mehdi Abbaszadə "Rufo Gəncinski"nin adamı kimi tanınır.
Seymur Əli