ABŞ prezidenti Co Bayden Rusiyanın Poltavaya 50-dən çox insanın ölümü, 200-dən çox insanın yaralanması ilə nəticələnən raket hücumu ilə bağlı açıqlama verib.
"Unikal" xəbər verir ki, Amerika liderinin sözlərini ABC telekanalı sitat gətirib.
"Mən bu dəhşətli hücumu qətiyyətlə pisləyirəm. Bu hücum Putinin azad xalqın iradəsini qırmaq üçün iyrənc cəhdlərini davam etdirməsinin faciəvi xatırlatmasıdır”, - o, ifadə edib.
Bayden əlavə edib ki, Birləşmiş Ştatlar Ukrayna ilə yanaşı durmağa və ona hava hücumundan müdafiə sistemləri də daxil olmaqla hərbi yardım göstərməyə davam edəcək.
Qeyd edək ki, ötən gün səhər saatlarında Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Poltavadakı təlim mərkəzinə raket zərbəsi endirib, Rabitə İnstitutunun binalarından biri qismən dağıdılıb. Son məlumatlara görə, 51 nəfər ölüb, 271 nəfər yaralanıb. Zərbə iki ballistik raketlə endirilib.
Ukrayna Quru Qoşunlarının bəyanatında deyilir ki, zərbə nəticəsində onlarla hərbçi həlak olub.
Gülayə Mecid