Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu külli miqdarda əmlak tələb etməklə törədildikdə), 144.2.3 (adam oğurluğu) və 180.2.5-ci (soyğunçuluq) maddələri ilə təqsirləndirilən şəxslər- İmanov Hüseyn Etibar oğlu, Əhmədov Babək Bəhrəm oğlu və Şıxəliyev Nurəddin Vəli oğlunun məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

"Unikal"ın məlumatına görə, ilkin olaraq zərərçəkmiş qismində tanınan Əhmədov Həsən Ləzgi oğlu ifadə verərək bildirib ki, təqsirləndirilən şəxslərdən yeganə Nurəddini tanıyıb. Türkiyədə bir yerdə Nurəddin, Əli və Xəlil ilə birgə qızıl oğurlamışıq. Hərəyə 2 min pul düşmüşdü, Əliyə isə 1500 manat pul düşdü, qızıl apardığımız yeri o demişdi bizə, amma oğurluq vaxtı iştirak etməmişdi. Qızılları bu hadisədən 2-3 ay qabaq oğurlamışdıq. Belə məsləhət oldu ki, oğurluq qızıllar məndə qalsın. Mən də apardım qızılları Türkiyədə yaşayan bacımgilə qoydum. Oradan da Namiq gəlib aparmışdı. Mən telefon nömrəmi dəyişmişdim. Qardaşım Amilgilin evində qalırdım. Qapıdan çıxanda Nurəddin Ford ilə qabağıma çıxdı, mənə dedi gedək oturaq söhbət edək.

Gedib oturub Hövsanda mən, qardaşım Amil, Nurəddin və tanımadığım 2 nəfər ilə kafedə çay içdik. Üçümüz oturduq maşına digər kafeyə. Ora Babəklə Hüseyndə gəldi. Babək dedi ki, bu qızıl türkün deyil Nurəddinə çatmalıdır. 2 kafe  gəzəndən sonra məni apardılar Ramanada olan kafeyə. Orada yenidən məndən guya dəyəri 100  min manatdan çox olan oğurluq qızılları istədi, mən dedim sənə qızıl verə bilməyəcəm. Kafedən çıxandan sonra qardaşım Amil çıxdı getdi. Ona dedilər ki, narahat olma, Həsənlə biz duz-çörək kəsmişik. Sonra getdik tanımadığım evə, mənə dedi ki, problem yaşayacaqsan, qızılı çatdırmalısan. Sonra Babəklə Nurəddin bir şillə, bir də yumruq vurdular mənə. Nurəddinin üstündə deyəsən bıcaq var idi. Həmin vaxt qardaşım Amil zəng elədi Nurəddinə, dedi ki, narahat olma. Xəlil qardaşımdan 50 min pul istədi telefon vasitəsilə, yəni səs atdı ki, bu qədər pul gətir.

Telefonumuda əlimdən almışdılar. Məni başqa yerə aparmaq istəyəndə qaçıb çanta satan bir mağazaya girdim və onlardan kömək istədim. Orada mənə kömək eləmədilər, mən başqa bir evə girib mizin üstündən bıçaq götürdüm ki, özümü müdafiə edim və onları qorxudum. Sonra polis çağırdılar, gəlib məni apardılar. Qaçmağıma səbəb isə Xəlillə Nurəddin arasında məni başqa yerə aparıb döyməklə bağlı danışıq oldu. Belə ki, fikirləri var idi məni aparıb həyət evində döysünlər, çünki olduğumuz ev bina evi idi.

Məhkəmə prosesi 26 sentyabr tarixinə kimi təxirə salınıb.

Seymur Əli