Xəbər verdiyimiz kimi, bu gün Bakının işğaldan azad edilməsindən 106 il ötür.
"Unikal"ın məlumatına görə, 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar.
Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu 1918-ci il mayın 25-də Gəncəyə girməsi Azərbaycan xalqı tərəfindən böyük çoşğu ilə qarşılandı. Osmanlı əsgərlərinin şərəfinə qurbanlar kəsildi, onlar üçün şeirlər yazılıb, bəstələr qoşuldu.
Belə məşhur mahnılardan biri də "Lalələr" mahnısı oldu. İddialara görə, ilkin adı "Yazın əvvəlində Gəncə çölündə" olan mahnının sözləri şair Aslan Aslanova, musiqisi isə bəstəkar Telman Hacıyevə aid olan əsərin tarixi çox əvvələ aiddir.
“Nə vaxtdır Bakının gözü yoldadır
Bir qonaq gələsiz bizə, lalələr…”...
SSRİ zamanında mahnıdakı “Bakı” sözü senzuradan keçmir. Ona görə də bu, mahnının son misrasında “Nə vaxtdır Rəşidin gözü yoldadır” formasında oxunub. Çünki “Lalələr” mahnısının məşhur ifaçılarından biri korifey sənətkar Rəşid Behbudov olub.
1937-ci ildən sonra “Lalələr” mahnısını ifa etmək qadağan edilmişdi. Daha sonralar ilkin mətn dəyişdirilib mahnıya yeni həyat verilmişdi.
Mahnının yaranması ilə bağlı müxtəlif versiyalar mövcuddur. Deyilənə görə, şair Aslan Aslanov Gəncədə olarkən, dağ ətəyində hər tərəfin lalələrlə dolu olduğunu görür və bundan ilhama gələrək “Lalələr” adlı şeirini yazır. Sonra isə şeiri Telman Hacıyevə verir ki, o, musiqi bəstələsin.
Amma Aslan Aslanov sonradan etirafında bildirib ki, “bu şeir Əhməd Cavada aiddir və onun şeirini yaşatmaq üçün öz külliyatıma qatmışam”.
Digər versiyaya əsasən, “Lalələr” mahnısı 1918-ci ildə Azərbaycana gələn türk ordusuna həsr olunub. Mahnı Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun Gəncədən Bakıya gələn və şəhəri xilas edən əsgərlərinə aiddir. Nuru Paşa may ayında Gəncəyə girərkən minlərlə əsgərin başlarında fəs, fəsin ucunda isə saçaqlar var idi. Ehtimal edilir ki, şair fəsləri laləyə bənzətdiyinə görə belə bir şeir yazır.
Dr. Mustafa Görüryılmaz “Türk Qafqaz İslam Ordusu və ermənilər” kitabında yazır:
Qafqaz dağlarında oxunan bir mahnı var: “Lalələr”. Dinləyənləri şad edir. Qafqazdan yüksələn türklərin imdadına, fəryadına çatan Anadolu övladları üçün, qəhrəman Mehmetcik üçün bir nəğmə yazılmışdı. Bu nəğmənin adı “Lalələr” idi. Qəhrəman Mehmetciyin başına geydiyi “şapka”nın ucları yuxarı qalxmış və sivri idi. Bu başlıq azərbaycanlılar tərəfindən laləyə bənzədilmişdi. Türklərin milli sazlarından tar kimi, milli “şapka”lardan qalpaq kimi, Novruz bayramı kimi “Lalələr” mahnısı da sovet rejimində bəzilərinin xoşuna gəlmədi. Bir ara qadağan olundu. Ancaq bu mahnının sözləri 1937-ci ildə tamam dəyişdirildi”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2018-ci il 15 sentyabrda Bakıda keçirilən hərbi parad zamanı maraqlı fikirlər səsləndirib. O, bildirib ki, məşhur sənətkarların ifasında eşitdiyimiz “Lalələr” mahnısı 1918-ci ildə Azərbaycana gələn türk ordusuna həsr olunub. Mahnı Nuru paşanın rəhbərliyi altında Gəncədən Bakıya gələn və şəhəri xilas edən türkiyəli əsgərləri vəsf edir.
Ərdoğan əlavə edib ki, Osmanlı ordusu Gəncəyə girərkən minlərlə əsgərin başlarındakı fəs və fəsin ucundakı saçaqlar laləni xatırlatdığına görə belə bir mahnı ərsəyə gəlib.
Mahnını rəqs kimi ilk dəfə Əməkdar artist Roza Cəlilova ifa edib. Həmçinin, mahnını Zeynəb Xanlarova, İdris Mehdiyev kimi müğənnilər də ifa ediblər.
Yazın əvvəlində Gəncə çölündə,
Çıxıblar yenə də dizə lalələr.
Yağışdan islanan yarpaqlarını,
Səriblər dərəyə, düzə lalələr.
Xəyalımdan nələr gəlib, nə keçər,
Yaz gələr, ellərə durnalar köçər.
Bulaqlar simavər, ağ daşdan çəkər.
Bənzəyir çəməndə közə lalələr.
Meylim üzündəki qara xaldadır,
Hicranın əlacı ilk vüsaldadır.
Nə vaxtdır Bakının gözü yoldadır,
Bir qonaq gələsiz bizə, lalələr.