Ərazi bütövlüyümüzü tam bərpa etməyimizdən artıq bir il ötür. Artıq bir ildir ki, uzun müddətdir davam edən mübarizədən sonra uğurla başa çatdırdığımız bu hərbi və diplomatik qələbə nəticəsində beynəlxalq hüquqla tanınmış torpaqlarımız üzərində öz suverenliyimizi tam bərpa etdik.
"Unikal" xəbər verir ki. bu sözləri açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov deyib. N. Həsənov qeyd edib ki, bu gün Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini qəbul etməkdə çətinlik çəkən qüvvələr, əslində o dövlətlərdir ki, Azərbaycanı hər zaman çətin, zəif dövlət kimi görməyi arzulayıb. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini qəbul edə bilməyən dövlətlərölkəmizi “soyqırım” iddiaları ilə əsassız olaraq ittiham etməyə çalışır: "Bu təkcə ölkəmizə qarşı deyil, bütövlükdə Azərbaycan xalqına qarşı səsləndirilən bir böhtandır. Azərbaycan hər zaman beynəlxalq hüquq normalarına riayət edən bir dövlət olmuşdur və Azərbaycanın həmin normalara inancı tam olmuşdur. Baxmayaraq ki, ölkəmiz uzun müddət ikili standartlara, təzyiqə məruz qalıb, bu gün Azərbaycan yenə də, beynəlxalq hüququn tələblərinə əməl edir. Tarixən beynəlxalq hüququ kobudcasına pozan, bu gün də hansısa siyasi qüvvələrin maşasına çevrilən dövlətlərin ölkəmizə qarşı bu cür əsassız ittihamlarla çıxış etməsi qəbuledilməzdir və gülünc doğurur.
Regionumuzdan minlərlə kilometr uzaqda yerləşən Cənubi Qafqazda yaşayan xalqlar arasında nifaq salmağa çalışan və öz siyasi məqsədlərini güdən qüvvələr heç vaxt Cənubi Qafqazda sülhün əldə olunmasını arzu edə bilməzlər. Bu gün Avropada dəyərlərdən, demokratiyadan və beynəlxalq hüquq normalarından bəhs edən dövlətlər büynəlxalq hüquqa hörmətlə yanaşmırlar.
Azərbaycana böhtan atmaq Cənubi Qafqazda sülh prosesini pozmaq deməkdir. Bu gün ölkəmizi işğalçılıqla, “etnik təmizləmə” ilə günahlandırmaq Cənubi Qafqazda sülh prosesini pozmaq deməkdir. İsveçrə parlamentində ermənipərəst deputatların son göstərdiyi cəhdlər də məhz elə Azərbaycana qarşı aparılmış növbəti böhtan kampaniyasının başlanğıcıdır.
Azərbaycanın COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etdiyi bir dövrdə Azərbaycana böhtan atmaq, ləkə yaxmaq istəyən qüvvələr mövcud şəraitdən siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar."