"Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır. Kim bundan məyus olub və kim bu gün yenidən separatçılara ürək-dirək vermək istəyir, kim onları xarici ölkələrə dəvət edir, kim onlara vizalar verir, kim bizə qarşı müxtəlif alətlər vasitəsilə qarayaxma kampaniyası aparır, o, necə bizim dostumuz ola bilər?".
"Unikal" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib.
"Ona görə hər şeyin, necə deyərlər, açıq-aydın görünməsi bu gün daha aydındır. Çünki yenə də deyirəm, işğal dövründə bizə qarşı bu qədər açıq, təxribat xarakterli addımlar olmamışdı. Çünki o işğal bizə qarşı olan qüvvələri tam qane edirdi - Azərbaycan dövləti daim təzyiq altında olsun, daim hansısa vasitəçilərə möhtac olsun, daim xalqımız mənəvi əzab çəksin, qaçqınlıq əzabı. Torpaqlarını itirmiş xalqın duyğularını başa düşmək üçün böyük ağıla malik olmaq lazım deyil. Yəni, biz bu bəladan canımızı qurtardıq və bizə qarşı olan anti-Azərbaycan qüvvələrin maskaları dərhal yırtıldı və bu gün də biz bunu görürük. Mən hesab edirəm ki, ad çəkməyə ehtiyac yoxdur, hər kəs hər şeyi görür. Ona görə ideoloji təhlükəsizlik məsələləri də daim diqqət mərkəzində olmalıdır, həm dövlət qurumlarının, həm qanunvericilik orqanının, həm də ictimai fəalların. Biz bu məsələ ilə əlaqədar əlbəttə ki, öz addımlarımızı atırıq və atacağıq", - deyə dövlət başçısı bildirib.